Hər gün yediyimiz qidaların əksəriyyətində şəkər var. Bir çoxları iddia edirlər ki, ondan imtina etdikdə orqanizm tamamilə dəyişir. Bəziləri isə əksinə, bunun yaxşı fikir olmadığını bildirirlər. 

Foodinfo.az xəbər verir ki, ekspertlər bu məsələyə aydınlıq gətiriblər.

“Belarus Həkimlər Assosiasiyası” İctimai Birliyinin sədri Dmitri Şevtsovun sözlərinə görə, şəkər yaxşı enerji mənbəyidir, beyin və əzələlərin normal fəaliyyəti üçün vacibdir:

"Bir az şirniyyat stressin öhdəsindən daha asan gəlməyə kömək edir. Elə bu səbəbdən də bəzi insanlar həyəcan və narahatlıq keçirdikləri zaman şokolada meyl edirlər. İnsulin xoşbəxtlik hormonu olan serotonin istehsalına səbəb olur. Lakin həddi aşmaq olmaz".

Həkim əlavə edib ki, aktiv fiziki işdən sonra qanda şəkər səviyyəsi azalır və onu bərpa etmək lazımdır.

"Bu, xüsusilə idmançılar və fiziki əməklə məşğul olan işçilərə aiddir. Həmçinin, az miqdarda şəkər diqqəti toparlanmaq və daha az yorulmaq üçün faydalıdır. Nəzərə almaq lazımdır ki, sağlamlığımız üçün zərərli olan şəkərin özü deyil, çoxluğudur”, - deyə mütəxəssis izah edib.

Minsk Şəhər Kliniki Endokrinologiya Mərkəzinin diyetoloqu Vladislav Morozik də vurğulayıb ki, son illərdə aparılan araşdırmalar şəkərdən tamamilə imtina etməyə ehtiyac olmadığını göstərir:

"Bunun sağlamlıq üçün əlavə faydası yoxdur. Bunu etmək onsuz da, demək olar ki, mümkünsüzdür. Lakin bir qaydanı unutmamaq vacibdir: rafinə olunmuş karbohidratlar, yəni şəkər, qənnadı məmulatları, şirniyyatlar gündəlik kalori qəbulunun 10%-dən çoxunu təşkil etməməlidir".