Tatarıstanın paytaxtı Kazandan olan 9-cu sinif şagirdi Qleb Smorodinov uşaqlarda çəpgözlüyün müalicəsi üçün cihaz ixtira edib. 

 Foodinfo.az xəbər verir ki, öz ixtirası barədə o, Rusiya Federal Əqli Mülkiyyət Agentliyinin (“Rospatent”) rəhbəri Yuri Zubovla məktəblilər arasında keçirilən görüş zamanı danışıb.

Belə bir fikir oğlanın ağlına bacısının bu xəstəliklə mübarizədə yaşadığı çətinlikləri görəndən sonra gəlib. O, “Tatar-İnform”a bildirib ki, hazırda müalicə üçün Pospelov üsulundan istifadə olunur və xüsusi qurğudan gözə növbə ilə işıq salınır. Lakin prosesə gündə bir saat vaxt ayırmaq lazımdır ki, bu da çox yorucudur.

"Mən bu texnikanı avtomatlaşdıran cihaz yaratdım. Uşaq sadəcə oturur, müəyyən düymələrə basır və məşq edir. Xəstə bunu özü də müstəqil şəkildə edə bilər. Mən daha öncə belə avtomatlaşdırılmış cihazlar görməmişdim", - deyə məktəbli izah edib.

O, ixtirasını həkimlərə göstərib və artıq patentin verilməsi barədə təsdiq qərarını da alıb. Kazan İstedadlar Universiteti Qlebə cihazın gövdəsini çap etmək üçün printer verəcəyini vəd edib, lakin gənc alim hər kəsə kömək etmək üçün çox sayda qurğu istehsal edə bilməyəcəyindən qorxur.

"Rospatent" rəhbəri yeni texnologiyanın Rusiya bazarına çıxması üçün dəstək olacağına dair söz verib. Bunun üçün onlar cihazı kütləvi şəkildə istehsal etməyə hazır olan iş adamlarını cəlb edəcəklər.