Türk qəhvəsindən sonra mineral su içmək bir çox insanda vərdişə çevrilib. Mütəxəssislər bu kombinasiyanın təsadüfi olmadığını, əksinə, həzm və ağız sağlamlığına fayda verdiyini bildirirlər.

Foodinfo.az xəbər verir ki, türk qəhvəsi yüksək kofein və konsentrat dadı ilə ağızda acılıq hissi buraxa bilir. Mineral su isə bu dadı neytrallaşdırır, ağızda təmizləyici təsir yaradır. Bundan əlavə, qəhvə yüngül şəkildə susuzlaşma yarada bildiyi üçün mineral sudakı maqnezium və kalsium kimi elektrolitlər bədənin su balansını bərpa etməyə kömək edir.

Eyni zamanda, qəhvənin həzmi müəyyən qədər ağırlaşdıran təsiri mineral suyun köməyi ilə azalır. Qazlı minerallar mədə fəaliyyətini aktivləşdirərək rahatlıq təmin edir.

Bu vərdiş sağlam insanlar üçün təhlükəsiz hesab olunur, lakin mədə problemi yaşayanların qazlı sulara ehtiyatla yanaşmaları tövsiyə edilir.

Beləliklə, türk qəhvəsindən sonra bir stəkan mineral su içmək həm dad balansını qoruyur, həm də orqanizmin özünü daha rahat hiss etməsinə kömək edir.