Bağırsaq bakteriyaları insan sağlamlığında düşündüyümüzdən də daha böyük rol oynayır. Foodinfo.az xəbər verir ki, bağırsaqda yaşayan trilyonlarla mikroorqanizm – yəni mikrobiota – həm həzm sisteminin, həm də immunitetin güclü qalmasında əsas faktorlardan biridir.

Sağlam bağırsaq bakteriyaları həzmi yaxşılaşdırır, liflərin parçalanmasına kömək edir və orqanizm üçün vacib olan qısa zəncirli yağ turşularının əmələ gəlməsini təmin edir. Bu maddələr bağırsaq divarını qoruyur və iltihab riskini azaldır.

Mikrobiota immun sisteminin 70 faizinin fəaliyyətini dəstəkləyir, beləliklə bədəni virus və zərərli bakteriyalara qarşı daha dayanıqlı edir. Bundan əlavə, bəzi bağırsaq bakteriyaları K vitamini və B qrup vitaminlərinin sintezində mühüm rol oynayır.

Maraqlı məqam isə mikrobiotanın psixoloji sağlamlığa təsiridir. Mütəxəssislər bildirir ki, bağırsaq-beyin əlaqəsi vasitəsilə bu bakteriyalar stressin idarə olunmasına, əhvalın yaxşılaşmasına və yuxu ritminə birbaşa təsir göstərə bilir.

Şəkərli qidaların çoxluğu, fast-food, lazımsız antibiotik istifadəsi və yuxu azlığı mikrobiotanın balansını pozur. Bu isə şişkinlik, qəbizlik, yorğunluq və dəri problemləri kimi əlamətlərlə özünü göstərir.

Mikrobiotanı gücləndirmək üçün qatıq, kefir, kələm turşusu kimi probiotiklərlə yanaşı, sarımsaq, yulaf, banan və paxlalılar kimi prebiotik qidaların müntəzəm istifadəsini tövsiyə edir.

Sağlam bağırsaq bakteriyaları yalnız həzm üçün deyil, ümumi sağlamlıq və psixoloji rifah üçün də həlledici rol oynayır.