96 yaşında dünyasını dəyişən İngiltərə kraliçası II Yelizavetanın üzünömürlülük sirri nədə olub?
Foodinfo.az "Daily Mirror"a istinadən xəbər verir ki, kral ailəsinin keçmiş aşpazı Darren Makqreydi II Yelizavetanın uzun ömür sürməsinə və hətta qocalıq dövründə də aktiv qalmasına səbəb olan pəhriz sirlərini açıqlayıb.
Makqreydi kraliçanın uzunömürlülüyünün əsas səbəbini onun balanslaşdırılmış qida rasionunda görür. Bura çoxlu mövsümi meyvə və tərəvəzlər, orqanik məhsullar və gündəlik günorta çayı daxil idi.
Aşpazlar komandası bir neçə gün öncədən kraliça üçün müxtəlif qidalardan ibarət fərdi menyu hazırlayırdı, II Yelizaveta isə bəyənmədiyi yeməklərin "üstündən xətt çəkirdi"
Aşpazın sözlərinə görə, kraliça adətən gününü bir stəkan qara "Earl Grey" çayı ilə başlayırdı. Daha sonra o, Bukingem Sarayının yemək otağında səhər yeməyini edirdi və adətən müsli, yoqurt və cemli tost yeyirdi. Bəzən isə kraliça bunun əvəzinə hisə verilmiş alabalıq ilə omlet yeyirdi. Hisə verilmiş balıq müharibə illərindən bəri II Yelizavetanın sevimli yeməklərindən olub. Kraliça bunu həm səhər yeməyində, həm qəlyanaltı kimi, həm naharda, həm də şam yeməyində yeyə bilərdi.
O, balığı təzə və ya bişmiş tərəvəzlərdən ibarət qarnirlə yeməyi sevirdi.
II Yelizaveta yeməyi tək yeyəndə kartof və ya makaron kimi karbohidratlardan imtina edirdi.
Günorta çayı zamanı kraliça tez-tez xiyar və qızılbalıqdan ibarət sendviç yeyirdi, lakin şokoladlı və zəncəfilli biskvitlərə də "yox" deməzdi.
Şam yeməyi adətən tərəvəz və ov quşundan və ya balıqdan ibarət idi. Balmoral qalasında II Yelizaveta tez-tez Di çayından tutulan vəhşi alabalıq, göbələk sousu ilə dana ətindən steyk və ya maral əti yeyirdi.
Kraliça şokoladı çox sevirdi və adətən gündə bir stəkan şirin alman şərabı və ya cin ilə hazırlanan kokteyli içirdi.