Mütəxəssislər Apple-ın 6G rabitə standartının yaranmasına hazırlaşmağa başladığını müşahidə ediblər. Bu barədə Bloomberg məlumat yayıb.
Agentliyin müşahidəçisi Mark Qurmanın sözlərinə görə, korporasiya 6G mühəndisləri üçün vakansiyaların böyük siyahısını dərc edib. Müəllif həmçinin bildirib ki, “Apple” altıncı nəsil rabitə standartını dəstəkləyəcək modemin hazırlanmasına başlayıb.
Materialda deyilir ki, Amerika şirkəti yeni kommunikasiya standartının tətbiqinə əvvəlcədən hazırlaşmaq üçün mütəxəssisləri işə götürməyi planlaşdırır. Bu, Apple-ın bu yaxınlarda çoxsaylı uğursuzluqlar səbəbindən 5G modemini inkişaf etdirməyi dayandırmasına baxmayaraq baş verir.
Belə ki, Apple iPhone üçün modemlər istehsal edən Qualcomm da daxil olmaqla bir çox təchizatçıdan asılılığını azaltmaq niyyətindədir. Qeyd edək ki, 6G standartının tətbiqi 2030-cu ildən tez olmayacaq. Onun 5G-dən nə qədər sürətli olacağı hələ də bəlli deyil.