298 kiloqram çəki ilə Britaniyanın ən kök adamı kimi tanınan Ceyson Holtonun anası Leyza Holton oğlunun arıqlaması üçün Böyük Britaniya Milli Səhiyyə Xidmətinə müraciət edib və arıqladıcı iynələrə büdcədən vəsait ayırmağı tələb edib. 

Foodinfo.az xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.

Qadın oğluna qarşı yetərincə sərt olmamaqda özünü qınayır.  O, Ceysonu yağlı yeməklərdən, "fastfood"dan vaxtında çəkindirə bilmədiyini bildirir. Leyza üç yaşında atasını itirməsinin də oğlunun davranış problemlərinin səbəbi ola biləcəyini düşünür.

Buna baxmayaraq, o, müxtəlif üsullarla Ceysonun artıq çəkisi ilə mübarizə aparmağa çalışıb. 16 yaşında 146 kiloqram çəkidə olduğu zaman Leyza oğlunu altı həftəlik arıqlama düşərgəsinə göndərmək üçün kredit götürmək qərarına gəlib. O, həqiqətən də onlarla kiloqram arıqlamağı bacarmışdı, lakin yeniyetmənin tez bir zamanda əvvəlki həyat tərzinə qayıtdığı üçün gedən kilolar da geri qayıtmışdı.

Ceyson illərlə gündə 10 min kalori qəbul edib. Səhər yeməyində o, bir neçə paket çips, sonra isə ən azı beş litr şirə və ya qazlı su içərək kari və kabab yeyib. Bu gedişlə onun çəkisi 300 kiloqramı keçib və Ceyson artıq təkbaşına hərəkət etmək qabiliyyətini itirib: 2020-ci ildə əməliyyata ehtiyac yarandıqda onu xəstəxanaya çatdırılmaq üçün yanğınsöndürmə kranı vasitəsilə yataq otağının pəncərəsindən çıxarmalı olublar.

2022-ci ilin yanvarında həkimlər Ceysonda qan laxtalanması olduğundan şübhələndikdə, o, adətən iri heyvanların diaqnozu üçün istifadə olunan aparat vasitəsilə rentgendən keçmək  üçün zooparka göndərilib.

İndi də Ceysona daim anası baxır. O, oğluna qulluq etmək üçün beş il öncə işdən çıxıb. Ceysonun özü heç vaxt işləməyib və həftədə 300 funt sterlinqdən (təxminən 620 manat) çox olan iki müavinətlə yaşayır.

Leyza ümid edir ki, Böyük Britaniya Milli Səhiyyə Xidməti onun oğluna pulsuz yağ yandırma kursu təyin edəcək. O hesab edir ki, başqa üsullarla Ceysona kömək etmək artıq mümkün deyil. Həddindən artıq çəkisi və hərəkətsizliyi səbəbindən o, həyatı üçün təhlükəli olan çoxsaylı xəstəliklərdən əziyyət çəkir.