Əsrlərboyu əzvay təbii kosmetikada və minlərlə müxtəlif xəstəliklərin müalicəsində dərman kimi işlədilib. Əzvayın müalicəvi əhəmiyyəti onun şirəli, qidalandırıcı maddələrlə zəngin olan yarpaqlarındadır. AZƏRTAC “MedikForum” saytına istinadla xəbər verir ki, tərkibi 99 faiz sudan ibarət olsa da, əzvay xeyli vitamin, mineral və antioksidant xüsusiyyətlərə malikdir. Əzvayın (Aloye vera) faydalarını nəzərinizə çatdırırıq. 1.Səhhəti və dərinin xarici görünüşünü yaxşılaşdırır Əzvay geli sağlamlığa və epidermal hüceyrələrin fəaliyyətinə çox yaxşı təsir göstərən aktiv maddələrlə boldur. Eyni zamanda, onların regenerasiyasını sürətləndirir. Tərkibində əzvay olan kremdən müntəzəm istifadə dəri hüceyrələrinin vaxtından əvvəl qocalmasının qarşısını alır, mimik qırışların əmələ gəlməsini azaldır, dərini dərindən nəmləndirir və kollagen əmələ gəlməsini stimullaşdırır. 2.Qəbizliyin aradan qaldırılmasında təbii vasitədir Əzvayın yarpaqlarında olan aktiv maddələr işlətmə təsirinə malikdir. Bu səbəbdən bitkidən qəbizliyin müalicəsində istifadə edilir. Təbii əzvay şirəsi maddələr mübadiləsini yaxşılaşdırır, xora xəstəliyi zamanı əmələ gələn ağrıları aradan qaldırır, mədə iltihabını sağaldır. 3.Saçlar üçün əvəzedilməz kondisionerdir Əzvay saç üçün şampun və kondisionerlərdə populyar inqrediyentdir. Bitkinin tərkibindəki nəmləndirici maddələrin zənginliyi saçları zədələnmələrdən qorumağa şərait yaradır. Bundan başqa, əzvay baş dərisinin sağlamlığına da yaxşı təsir göstərir. 4.Ağız boşluğunun gündəlik gigiyenası üçün ideal vasitədir Aloye veranın müalicəvi xüsusiyyətlərindən, həmçinin ağız boşluğunun qulluğunda da istifadə edilir. Bitkinin yarpaqlarından düzəldilən gelin tərkibində antibakterial və antiseptik təsir göstərən xeyli maddələr vardır. Əzvayın köməyi ilə damaqların qanamasının, dərinin qıcıqlanmasının, yaraların və müxtəlif infeksiyaların qarşısını tez və effektiv almaq mümkündür. 5.Qanda xolesterinin və şəkərin miqdarını təbii yolla azaldır Çoxsaylı elmi tədqiqatlar göstərib ki, müntəzəm olaraq əzvay şirəsindən istifadə ikinci tip diabet xəstəliyi olan insanlarda qanda şəkərin miqdarını təbii yolla stabilləşdirməyə yardım edir. Qeyd etmək lazımdır ki, əzvay geli qanda təkcə qlükozanı deyil, həm də xolesterinin və triqliseridlərin miqdarını azaldır. 6.İltihabın qarşısını alır Əzvay bütün dünyada özünün maraqlı iltihab əleyhinə xüsusiyyəti ilə çox məşhurdur. Bu səbəbdən də bitkini adətən dəri zədələnmələrində, məsələn yanıqlarda istifadə edirlər. Bundan başqa əzvayı əlavə olaraq, oynaqların iltihabı nəticəsində əmələ gələn artritin (oynaq xəstəliyi), rematoid artritinin, xora və qızdırmaların müalicəsində məsləhət görürlər. Əzvayın geli də astma və ekzema kimi xəstəliklərlə mübarizədə kömək edir. Əzvayın bu sahədə sağlamlığa faydası həqiqətən çox böyükdür. 7.Orqanizmin immunitetini möhkəmləndirir Orqanizmimiz hər gün zərərli və patogen təsirlərə məruz qalır. Əksər hallarda biz hətta bunu başa düşmürük, çünki sadəcə olaraq onları adi gözlə görmürük. Biz özümüzə yaxşı qulluq etməliyik ki, orqanizmin immun cavabı sürətli və tam uyğun olsun. Fiziki aktivliklə yanaşı, təbii yolla immuniteti möhkəmlədən məhsullar qəbul edilməlidir ki, bunlardan biri də əzvaydır.