
İstii hava bədən üçün ciddi stressdir və belə şəraitdə ehtiyatla məşq etmək lazımdır.
Foodinfo.az xəbər verir ki, həkim-terapevt, diyetoloq Yelena Tixomirova "İzvestiya" ya müsahibəsində isti havada idman etməyin təhlükələri barədə danışıb.
“İstidə intensiv fiziki fəaliyyət ürək-damar sistemi ilə bağlı problemlər riskini artırır, həmçinin, dehidrasiyaya (bədən suyunun itkisinə) və nəticədə bir sıra xoşagəlməz simptomların yaranmasına səbəb olur: yorğunluq, başgicəllənmə, ürəkbulanma, baş ağrısı, konsentrasiyanın və diqqətin azalması, qıcolmalar və s. Buna görə isti havada məşq etməyə çox diqqətlə yanaşmalısınız", - deyə həkim xəbərdarlıq edib.
O, ilk növbədə, məşqləri səhər və ya axşam saatlarında, günəş hələ o qədər də aktiv olmayan vaxtlarda keçirməyi tövsiyə edib. Dərinin nəfəs almasına imkan verən və bədənin həddindən artıq qızışma riskini azaldan yüngül paltar geyinmək vacibdir.
Yalnız isti olan zaman məşq etmək imkanı varsa, həkimin sözlərinə görə, məşqlər kondisionerli zalda keçirilməlidir. Bununla yanaşı, yalnız məşq zamanı deyil, gün ərzində kifayət qədər su içməlisiniz. Diyetoloq qəhvə və spirtdən imtina etməyi məsləhət görür, çünki onlar orqanizmin susuzluğuna səbəb olur.
Bundan əlavə, Tixomirova məşqdən əvvəl həddindən artıq çox yeməməyi, ödemin yaranmasına səbəb olmayan yüngül qidalar yeməyi, həmçinin vəziyyətinizə diqqətlə nəzarət etməyi məsləhət görüb. Həkim xatırladıb ki, bədən həddən artıq qızdıqda başgicəllənmə, ürəkbulanma, halsızlıq, qıcolma və digər əlamətlər görünə bilər.
“Ümumilikdə, istidə fiziki fəaliyyətin intensivliyini azaltmaq daha yaxşıdır. Bir insanın sağlamlıq problemləri, xüsusən də ürək-damar sistemi ilə əlaqəli olarsa, həkimə müraciət etməyincə bu cür fəaliyyətlərdən tamamilə imtina etmək lazımdır", - deyə Tixomirova vurğulayıb.
Leyla
Bizi sosial şəbəkələrdə izləyin:
https://www.instagram.com/foodinfoaz/