Cənubi Koreyada "Sunny Wave Tech" startapı qeyri-adi məhsulu - xüsusi olaraq itlər üçün yaradılmış "Dogsplay" televizorunu təqdim edib.

 Foodinfo.az xəbər verir ki, bu unikal qacet vasitəsi ilə itlər yalnız film izləməyəcək, həm də musiqi dinləyə biləcəklər, üstəlik, onların qavrayışına uyğunlaşdırılmış formatda.

"Dogsplay" televizoru təsvirləri saniyədə 70 kadr sürətlə göstərən ekranla təchiz olunub. Bu, itlərin görmə qabiliyyəti üçün optimaldır. Bundan əlavə, cihaz itlərin dixromatik görmə xüsusiyyətlərini nəzərə alaraq, sarı-mavi tonlarda və bozun bir neçə çalarlarında təsvir təklif edir.

İnnovativ "Dogflix" texnologiyası, itin baxış bucağından asılı olaraq, təsvirin rəngini, kontrastını və tezliyini tənzimləməyə imkan verir.

Əlavə bonus olaraq, cihazda sahiblərə ev heyvanlarını uzaqdan izləməyə imkan verən ikitərəfli əlaqə funksiyası da mövcuddur. Artıq itlər sahibləri evdə olmayanda rahatlaşdırıcı videolardan həzz ala və öz cinslərindən olan heyvanları izləyə bilərlər.

Televizorun satışı 2023-cü ilin noyabr ayına planlaşdırılıb, qiyməti isə 499 dollar səviyyəsində təyin edilib.