"Ölkəmizdə koronavirusa qarşı mübarizənin ciddiliyini nəzərə alaraq, bacardığınız qədər ictimai yerlərlə getməyərək evdə qalın. Bayram vaxtı qohum, dost, tanışlarla birgə qonaqlığa qatılmayın. Bayram səfərlərini müvəqqəti təxirə salın".
Foodinfo.az-ın məlumatına görə, bunu "Sağlamlığın Qorunması" İctimai Birliyinin sədri Yazgül Abdiyeva Trend-ə deyib.
Onun sözlərinə görə, insanlar mümkün qədər ictimai nəqliyyatdan istifadəni məhdudlaşdırmalı, yaxın məsafəyə olan yerə təmiz havada piyada getməli, metro və avtobuslara mindikdə gigiyenik qaydalara ciddi əməl etməlidirlər: "Çünki yanınızda virus daşıyıcısı ola bilər. Maskaları taxarkən isə onları kip taxın, təkrar istifadə etməyin. Çirkli əllə üzünüzə və gözünüzə toxunmayın! Əlinizi sabunla düzgün yuyun, burun və ağız boşluğunu az duzlu ilıq su ilə yuyun. Əl üçün antiseptik vasitələri, maska, nəm və quru salfeti daim çantanızda saxlayın. Unutmayın ki, koronavirus paltarda 12 saat, metal üzərində 12-24 saat qala bilir. İnsanlar da avtobus və metroda, liftdə metala toxunur. Liftlərdən istifadə zamanı liftin düymələrinə salfetlə və ya rezin əlcəklə toxunun, sonra onu təkrar istifadə etməyin, maskanı isə mütləq istifadə edin".
Y.Abdiyeva əlavə edib ki, insanlar marketə getdikdə də özlərini maska və s. ilə virusdan qorumalıdırlar. Mütəxəssis insanların alış-veriş zamanı nağd deyil, kartla ödənişlərə üstünlük verməsini də tövsiyə edib. O, geyimlərlə bağlı da bəzi tövsiyələrini nəzərə çatdırıb: "Evə gələndə ayaqqabınızı çöldə çıxarıb, sellofana qoyun. İmkan olsa, ayaqqabının alt-üst hissəsinin yuyulmağı və dezinfeksiya edilməyi məsləhətdir. Üst geyiminizi 4-5 saat balkonda açıq havada qoyun".
Y.Abdiyeva insanlara pozitiv olmağa səsləyərək onlara xəstəliyin profilaktikasının müalicəsindən asan olduğunu da nəzərə çatdırıb.