Yaponiyanın cənub-qərbində yerləşən Kumamoto şəhərində məktəblərdə siniflər tezliklə qeyri-adi şagirdlərlə - robot avatarlarla dolacaq.
Foodinfo.az xəbər verir ki, bu innovativ addım sosiofobiyadan əziyyət çəkən yeniyetmələr arasında dərsdən yayınma ilə mübarizə aparmaq üçün atılır.
Belə androidlər tələbələrin virtual nümayəndələri kimi fəaliyyət göstərərək, onlara təlim prosesində məsafədən iştirak etməyə imkan verəcək. Robotlar əlaqə qurmaq üçün lazım olan hər şeylə təchiz olunublar: mikrofonlar, dinamiklər və kameralar.
Robotların “sinəsinə” inteqrasiya olunan planşetlər vasitəsilə uşaqlar müzakirələrdə fəal iştirak edə, müəllim və sinif yoldaşları ilə ünsiyyət qura biləcəklər.
Layihənin artıq 2023-cü ilin noyabrında istifadəyə verilməsi planlaşdırılır, ilk nəticələrin isə 2024-cü ilin martında əldə olunacağı gözlənilir. 2023-cü ilin büdcəsinə artıq bu layihə üçün təxminən 10 550 dollar məbləğində xərclər daxil edilib.
Bildirilir ki, layihənin əsas məqsədi pandemiya dövründən sonra əyani təhsilə qayıtmağı planlaşdıran məktəblilər arasında narahatlıq səviyyəsini azaltmaqdır.
Bu yanaşma təhsil sistemini müasir sosial çağırışlara uyğunlaşdıraraq böyük sıçrayışa səbəb ola bilər.