İnsanların orqanizmi payız və qış fəsillərində immuniteti aşağı olduğu üçün tez-tez xəstələnməyə meyilli olur və ya xəstələnir. Bu səbəbdən də təhsilindən asılı olmayaraq bu sual hər bir insanı düşündürür: immunitet nədir və onu necə gücləndirmək olar?

İmmunitet orqnizmin “ordusudur”, onu xəstəliklərdən, mikroblardan və digər arzuolunmaz bioloji hücumlardan qorumaq üçün sahib olduğu bioloji müdafiədir.

Ədəbiyyatları araşdırarkən maraqlı elmi faklarla rastlaşmaq olur. İmmunitet haqqında olan fikirlər min illərdir ki, bəşəriyyətin diqqətini cəlb edir, elmin zəif inkişaf etdiyi dövrlərdə insanlar bir sıra epidemiyaların səbəblərini fərqli başa düşür və yalnız fövqaltəbii qüvvələrlə əlaqələndirirdilər.

İmmunitetin mexanizmi haqqında ilk dəfə fransız tədqiqatçısı Lui Paster tərəfindən geniş yayılmış və xüsusi qiymətləndirilmiş “tükənmə nəzəriyyəsi” verilmişdir. Lakin zaman keçdikcə bu nəzəriyə özünü doğrultmadı. Pasterin və rus alimi Meçnikovun immunologiyanın formalaşmasında xüsusi rolu olmuşdur. Belə ki, Meçnikov tərəfindən immunitetin faqositar nəzəriyyəsi yaradılmışdır. Bundan başqa, immmunologiyanın formalaşmsında Paul Erklix və Robert Koxun da xidmətləri danılmazdır. Alimlərin əsərləri ilə tanış olduqca belə qənaətə gəlinir ki, əgər immunitet zəifləyibsə, eləcə də immun sistemi hüceyrələrinin orqanizmi qorumaq qabiliyyəti aşağı düşübsə bu, insanı bütün xəstəliklər qarşısında aciz və çarəsiz edir. Bir sözlə, yüksək immunitet sağlamlığımızın fundamentidir və əgər o, yoxdursa, səhhətimiz yerlə-yeksan olar.

İmmun sistemi insan orqanizmində iki vacib prosesə cavabdehdir:

- Birincisi, orqanizmi müxtəlif mənşəli infeksiyalardan (virus, bakteriya, mikrob, göbələk və s.) qoruyur;

- İkincisi isə öz işini başa vuran və ya zədələnən, həmçinin qocalmış hüceyrələrin yenilənmə, əvəzetmə işi ilə də məşğul olur. İmmunitetin bu işlə məşğul olan milyardlarla hüceyrəsi (makrofaqlar, faqositlər, limfositlər), immunoqlobulin zülalı və s. vardır.

İmmun çatışmazlığına çox şey səbəb ola bilər. Onların arasında düzgün qidalanmama, stress, mənfi emosiyalar, az hərəkətlilik, təmiz havada az olmaq, yuxusuzluq və s. əsas yer tutur. Xüsusən uzunsürən xəstəliklərdə immunitet zəifləyir, qrip virusları orqanizmin immun reaksiyasını ləngidir, qadınlarda hamiləlikdə və doğuşdan sonra və s. Havanın müxtəlif kansorogenlərlə (kimyəvi maddələr, radiasiya və s.) zəhərlənməsi də immun reaksiyaya mənfi təsir göstərir. Dünyadakı bütün xəstəliklərin 80%-i immun sisteminin işinin pozulması ilə bağlıdır.

Bəs immun çatışmazlığını necə aradan qaldırmaq və immuniteti necə gücləndirmək olar? Hazırda xəstəliklərin profilaktikası kimi immun dərmanların qəbulu az qala “dəbə” düşüb. İmmunoloqlar belə dərman preparatlarının təsir gücünü iki növə ayırır ki, onların həm müsbət, həm də əlavə təsirləri vardır. Həkimlərin bir çoxu immuniteti gücləndirmək üçün onun işini stimullaşdırmağı tövsiyə edirlər. İmmunostimulyatorlar - adından da göründüyü kimi immun hüceyrələrinin çoxalmasını stimullaşdırırlar. Qrip olarkən, ağır infeksiya xəstəliklərində, həmçinin taqəti tükənən və tet-tez xəstələnən insanlar üçün bu stimullaşdırıcı preparatlar əvəzedilməzdir, zəifləmiş immun sistemini gücləndirmək üçün dərmanlara da ehtiyac vardır.

Payız və qış aylarında xəstəliklərə qarşı mübarizə aparmaq üçün həm bitki və həm də kimyəvi dərmanlara daha çox zərurət duyulur. İnsan qanı əsasında yaradılmış immunpreparatlar yüksək səviyyədə interferon hazırlanmasına hesablanıb. İnterefron zülalı həm virusların çoxalmasının qarşısını alır, həm də immunostimulyator rolunu oynayır. İmmun dərmanlarının qeyri-düzgün qəbulu müxtəlif fəsadlar verə bilər. Digər tərəfdən isə təbii vasitələr nə qədər yumşaq təsir göstərsələr də unutmaq olmaz ki, onlar da dərmandırlar. İmmun sisteminin profilaktikası üçün sağlam həyat tərzi və vitamin qəbul etmək yetərlidir.

İnsanlar həmişə sağlam və gümrah olmaq istəyirlər. Bəs sağlam olmaq üçün nə etməliyik?

- Birinci növbədə immun sistemini zəiflədən qida və sulardan imtina etmək lazımdır. Bunlara ağ çörək, şirniyyat, çipsi, qazlı içkilər, konserv məhsulları, bişirmə zamanı yanmış yeməklər aiddir;

- Əsasən təbii ərzaqlara üstünlük verilməlidir, sənaye üsulu ilə hazırlanmış qidaların tərkibindəki qatqılar immunitetə birbaşa mənfi təsir edir, şiş xəstəliklərini qaçılmaz edir;

- Yemək qəbulundan əvvəl meyvə, salat və tərəvəzlərdən istifadə etmək önəmlidir və hər dəfə yalnız bir növ qidadan istifadə etmək lazımdır. Belə ki, qida məhsullarının bir-birinə qarışmaması vacibdir;

- Ət yeməklərini tez-tez və çox yemək zərərlidir. Acmamış yemək və doymamış süfrədən çəkilmək lazımdır. Yemək zamanı soğan, sarımsaqdan bol istifadə etmək lazımdır;

- Meyvələr yeməkdən yarım saat əvvəl, və ya 2 saat sonra yeyilməlidir;

- Hər gün açıq havada 2 saata yaxın gəzmək orqanizmin müqavimətini artırır;

- Yeməkdən sonra bir stəkan qatıq içmək lazımdır. Bu, bağırsaq mikroflorası üçün önəmlidir. Yayda 2 litr, qışda 0,8 litr çiy su içmək olduqca faydalıdır. Gündə 1 stəkan bal şərbətinə bir qədər alma sirkəsi qarışdırıb içmək, eləcə də 1 xörək qaşığı qara zirə yağı icmək immuniteti gücləndirir.

Dünya alimləri tərəfindən 1000-dən çox qida məhsulu üzərində elmi araşdırmalar aparılmış və nəticədə orqanizm üçün ən faydalı bitkilər və məhsullar seçilmişdir:

- Taraxicum officinalis - dərman zəncirotu yarpağı (A və C vitaminləri, eləcə də kalsium baxımından zəngindir);

- Linum catharticum - kətan və Cucurbita - balqabaq toxumu (tərkibində liflərin çox olması ilə yanaşı, protein, linolein turşusu və digər vitaminlərlə, dəmir və manqanla da zəngindir);

- Beta vulgaris - şəkər çuğunduru meyvə və yarpağı (antioksidant və qanyaradıcı xüsusiyyətə malikdir, eyni zamanda, tərkibində kalsium, dəmir, K və B qrupu vitaminləri vardır);

- Petroselenum crispum - cəfəri (bor, flüor və kalsiumla zəngindir);

- Apium graveolens - kərəviz (mineral və amin turşuların əsas mənbəyidir);

- Veronica officinalis - bulaqotu (tərkibində mineral maddələr (yod) var);

- Mandarin (karotinoid və A vitamini ilə olduqca zəngindir);

- Yaşıl noxud (tərkibində dəmir, fosfor, maqnezium, sink, mis və lifli maddələr olduqca çoxdur);

- Yaşıl soğan (fosfor, mis, maqneziumla zəngindir və K vitaminin əsas mənbəyidir);

- Çəhrayı qreypfrut (karotinoid və likopen piqmentlərindən və çoxlu polivitaminlərdən ibarətdir);

- Badam (tərkibində olan vitaminlər, xüsusən B17 vitaminindən ibarətdir);

- İspanaq (A, C, E və B qrupu vitaminləri ilə dəmir, maqnezium, karotinoidlər, fosfor, yod mineralları və zülal baxımından olduqca zəngindir);

- Qırmızı bibər (A, C, E vitaminləri ilə boldur);

- Reyhan (tərkibində efir yağı, vitaminlər, aşılayıcı və qatranlı maddələr vardır);

- Acı bibər (karotin, riboflavin, bir çox vitaminlərlərdən və zəngin antioksidantlardan ibarətdir);

- Brokoli və qırmızı kələm (tərkibi müxtəlif vitaminlərlə zəngindir).

Bu bitkilər dünya alimləri tərəfindən immuniteti gücləndirən əsas qidalar hesab olunurlar.

Etnobotaniki araşdırmalara görə, loğmanlar tərəfindən immuniteti gücləndirmək üçün hazırlanan “qızıl resept” aşağıdakıdır. Cövhər üç güclü inqrediyentdən: zəncəfil, sarımsaq və limondan ibarətdir. Bitkilərin hər biri özlüyündə çox faydalıdır. Sarımsaq güclü fitonsid olub, antiseptik və antibakterial xüsusiyyətləri ilə tanınır. Tərkibində çoxlu mikroelementlər - natrium, kalium, kalsium, sink, fosfor və mis vardır. Sarımsaq C, B6 vitaminləri və manqanla zəngindir. Zəncəfil təbii antioksidant mənbəyi kimi tanınır. Həmçinin o, həzm problemlərindən əziyyət çəkən insanlar üçün çox faydalıdır. Zəncəfil heyrətamiz xüsusiyyətlərə malik olan bitki hesab edilir. Belə ki, tərkibinə daxil olan maddələr yoğun bağırsaq xərçənginin profilaktika və müalicəsi üçün effektiv vasitədir. Limon - C vitamini mənbəyi hesab olunur. Limon orqanizmin ümumi vəziyyətinə müsbət təsir göstərir, immun reaksiyaları, mübadilə proseslərini sürətləndirir və tarazlaşdırır. Limon, zəncəfil və sarımsaq qarışığı arteriyal təzyiqlə (hipertoniya) mübarizədə də səmərəli vasitədir.

Bu məcunun hazırlanması üçün 4 ədəd limon, 4 diş sarımsaq sürtgəcdən keçirilməli, üzərinə 2 xörək qaşığı zəncəfil və 2 stəkan su əlavə olunmalıdır. Limon qabığı ilə birlikdə doğranılır. Sonra sarımsaq və zəncəfil blenderdən keçirilir. Qarışıq qazana tökülür və üzərinə 1,2 litr adi bulaq suyu əlavə edilir. Qarışıq qaynayana kimi qarışdırılır. Qaynayana yaxın məhlul şüşə bankaya süzülür və soyuducuda saxlanılır. Hazırlanmış məhlul səhər yeməyinə 2 saat qalmış acqarına 1 stəkan içilir. Müalicə kursu üç həftə ərzində davam etdirilməlidir. Zövq üçün içkiyə bal da əlavə etmək olar. Sonra bir həftə fasilə verməklə, müalicəyə yenidən başlamaq mümkündür. Bu cövhər qan təzyiqini tənzimləməyə, sabitləşdirməyə, ümumi vəziyyəti yaxşılaşdırmağa, immuniteti gücləndirməyə və qısa müddətdə damarları təmizləməyə kömək edəcək.

Amma unutmayaq ki, pandemiya dövründə məsafənin gözlənilməsi, əllərin sabunlanması və sosial yerlərdə maska taxılması vacibdir.

AMEA-nın Botanika İnstitutunun Etnobotanika laboratoriyasının müdiri, biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva

Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun laboratoriya müdiri, dosent Ramiz Ələkbərov