Təzə sıxılmış şirələrin insan orqanizmi üçün faydası danılmazdır. Onların tərkibindəki bioloji fəal maddələr həmin an maddələr mübadiləsinə təsir edir.
Sağlamlıq üçün beş ən faydalı şirənin siyahısını təqdim edirik. Bu şirələrin faydası elmi tədqiqatlar nəticəsində alınan məlumatlarda öz təsdiqini tapıb.
Quşüzümü şirəsi. Amerika alimlərinin tədqiqatları göstərib ki, quşüzümünün tərkibində olan maddələr - oliqosaxaridlər bu şirəni “təbii antibiotik”ə çevirir. Şirənin digər komponenti olan proantosianidinlər onu sidik yollarının infeksiyadan qorunmasında çox faydalı edir.
Çuğundur şirəsi. Bu şirə ürək-damar sistemi üçün çox faydalıdır, təzyiqi aşağı salır. Çuğundur şirəsinin hipertoniyalı xəstələrdə təzyiqi normallaşdırmaq xüsusiyyəti dəfələrlə təsdiq edilib. Alimlər çuğundurun və ondan çəkilən şirənin bu keyfiyyətini onun tərkibindəki qeyri-orqanik nitratlar, həmçinin betalain antioksidantı ilə əlaqələndirirlər.
Tomat şirəsi. Bu şirədən istifadə qadınlarda menopauza dövründə psixoloji və fizioloji göstəriciləri yaxşılaşdırır. Bu fikri əsasən Tokio Tibb Universitetindən olan alimlər təsdiqləyiblər. İki ay ərzində hər gün 200 millilitr tomat şirəsi içən qadınlar həyəcanın əhəmiyyətli dərəcədə azalmasını və ürək sıxılmalarının tezliyinin yaxşılaşdırılmasını nümayiş etdiriblər.
Albalı şirəsi. Böyük Britaniya və Cənubi Afrika Respublikasından olan tədqiqatçılar albalı şirəsinin qəbulunun qanda sidik turşusunun azalmasına gətirib çıxardığını sübut ediblər. Bu, podaqranın profilaktikasında və ya artıq mövcud olan xəstəlikdə faydalı ola bilər. Sınaqlar göstərib ki, bu, hər gün iki porsiya albalı şirəsi qəbul edildiyi halda effektlidir.
Portağal şirəsi. Harvard Universitetindən olan alimlərin tədqiqatları sübut edib ki, portağal şirəsi qocalıqla bağlı ağıl zəifliyinin aradan qaldırılması üçün faydalıdır. Hər gün bir stəkan təzə sıxılmış portağal şirəsi içən kişi könüllülərdə bu xəstəliyin inkişaf ehtimalı 47 faiz azalıb. (Azərtac)