Asiya mənşəli qəhvəyi mərmər zərərvericisi Çin, Yaponiya, Koreya,Tayvan ölkələri üçün spesifik iyli taxtabiti növünə aid olub, mülayim-subtropik iqlim qurşağında yayılmışdır. Zərərverici polifaq orqanizm olub, 49 fəsiləyə aid olan 300-dən çox bitki ilə qidalanaraq onların məhsuldarlığını əhəmiyyətli dərəcədə aşağı salır. Qida bitkilərindən 113-ü Azərbaycan florasında mövcuddur.
Zərərverici əsasən meyvə bitkilərindən fındıq, alma, armud, xurma, üzüm, sitrus bitkiləri, kivi, tərəvəz bitkilərindən kələm, xiyar, balqabaq, lobya, pomidor, texniki bitkilərdən şəkər çuğunduru, pambıq, günəbaxan, tütün, habelə qarğıdalı, soya, meşə, bəzək bitkiləri, kol, ot və s. bitkilərinə ziyan verə bilir.
Həm yetkin, həm də sürfə mərhələsində zərərverici bitkinin meyvələri, cavan budaqları, yarpaqları, kökü, gülü və toxumları ilə qidalanır. Bu zaman meyvə və tərəvəzin səthini zədələyərək həmin hissədə nekrozun yaranmasına, üst səthinin kələ-kötür olmasına, qəhvəyi və ağ rəngli ləkələrin əmələ gəlməsinə və meyvələrin dadının dəyişməsinə səbəb olur. Zərərvericinin vurduğu zərər ilk olaraq meyvənin xarici görünüşündə özünü göstərir. Sitrus bitkilərində, xurma və üzümdə meyvələr yetişmədən tökülür. Qarğıdalıda dənin inkişafı dayanır, qərzəkli bitkilərdə (xüsusən fındıqda) meyvələri sütül dövründə zədələyir və belə meyvələrdə ləpə inkişafdan qalır.
Zərərvericinin yetkin fərdləri və sürfələri yük daşımaları, nəqliyyat vasitələri və avadanlıqları, ağac materialları yüklənmiş konteynerlər, təzə meyvə-tərəvəz, kəsilmiş güllər, tinglər və digər vasitələrlə yayıla bilir.
Zərərverici aşkarlandığı təqdirdə onun ləğv edilməsi üçün bir sıra mübarizə tədbirlərindən istifadə olunmalıdır. Qəhvəyi mərmər zərərvericisinin ləğv edilməsi üçün yerli şərait nəzərə alınmaqla özündə fitosanitar, kimyəvi, bioloji və mexaniki mübarizə tədbirlərini birləşdirən tədbirlər sistemi həyata keçirilməlidir. Fitosanitar mübarizə tədbirləri həyata keçirildikdə ciddi karantin rejimi tətbiq olunmalı, qəhvəyi mərmər zərərvericisinin yayıldığı ölkələrdən idxal olunan bütün yüklər (əl yükləri də daxil olmaqla) və nəqliyyat vasitələri daşıdıqları yükün təyinatından asılı olmayaraq nəzarətdə saxlanılmalıdır. Həmçinin sərhəd-keçid məntəqələrində çalışan və fitosanitar nəzarəti həyata keçirən əməkdaşlar zərərverici haqqında məlumatlı olmalıdırlar.
Zərərvericini nimfaların inkişafı dövründə bitki budaqlarını ağ parça üzərinə çırpma üsulu ilə, taxıl sahələrində isə entomoloji tor vasitəsilə asanlıqla aşkar etmək mümkündür.
Qışlama dövründə taxtabitinin aktivliyi kəskin aşağı düşdüyü üçün mexaniki tədbirlərdən istifadə edərək, zərərvericinin toplanması (süpürməklə, tozsoranla və s.), sonra isə yandırılması, sabunlu suda saxlamaqla məhv edilməsi daha səmərəlidir.
Ən müasir və geniş tətbiq olunan üsullardan biri delta, aqreqasiya tipli feromonlu və işıq tələlərindən istifadə edilməsidir. Həftədə 1 dəfə olmaqla həmin tələlər yoxlanılır və tələlərə düşən həşəratlardan nümunə götürülərək ekspertiza üçün təqdim edilir.
Ev şəraitində isə qəhvəyi mərmər zərərvericisinə qarşı bir sıra mübarizə tədbirlərindən istifadə etmək olar. Belə ki, axşam saatlarında köhnə ağ parça və ya dəsmalları isladıb, yüngül sıxaraq uyğun olan yerlərə qoyulur və səhər onların büküşlərinə baxılır, fərdlər aşkar edildiyi halda sabunlu suda məhv edilir.
Zərərvericiyə qarşı kimyəvi mübarizə vasitəsi kimi peritroidlərdən olan bifenthrin, malation və s. kimyəvi maddələrdən istifadə səmərəli hesab edilir. İlk kimyəvi dərmanlamanı qışlamadan çıxan yetkin fərdlərə qarşı axşam saatlarında havanın temperaturunun aşağı düşdüyü zaman aparmaq məsləhət görülür. Mübarizə aparmaq üçün pestisidlərin yaşayış məntəqələrində istifadəsi qadağan edilir.
Qəhvəyi mərmər zərərvericisinin Azərbaycan üçün yeni invaziv növ olması nəzərə alınaraq, eləcə də sayından asılı olmayaraq aşkar edildiyi təqdirdə, bütün ocaqlarının tamamilə məhv edilməsi üçün düzgün mübarizə tədbirləri tətbiq olunmalıdır.
[gallery ids="51279,51280"]