İnsanların əksəriyyəti yuxuda xoruldamanın təhlükəli olduğundan xəbərsizdir. Yuxu zamanı xoruldayan insanda nəfəsalmanın müvəqqəti dayanması baş verir. Buna tibdə "yuxunun obstruktiv apnoe sindromu" deyilir. Yuxu apnoesi çox ciddi xəstəlik olub yuxu zamanı insult, infarkt, hətta ölümün riskini artırır.
Yuxuda xoruldayan insanın nəfəsalması dayananda beyin "oyan" siqnalı verir. İnsan bir neçə saniyəlik oyanır və yenə yuxuya gedir. Əksər hallarda insan bunu hiss etmir və bu hal gecə ərzində 100 dəfə (!) və bundan çox təkrarlanır. Nəticədə beyin normal dincələ bilmir və insan səhər "səbəbsiz" yorğunluq hiss edir, gün ərzində yuxulu, əsəbi  olur. Bundan əlavə nəfəsalmanın dayanması zamanı arterial təzyiq müvəqqəti olaraq kəskin qalxır. Əgər bu hal daim təkrarlanırsa, bu insanda hipertoniyanın inkişafına səbəb ola bilər. Saglamolun.az Wirecutter saytına istinadla bildirir ki, alimlərin müşahidələrinə görə, sol böyürü üstə yatan insanlar yuxuda daha az xoruldayırlar. Həmçinin böyür üstə yatan insanlarda hipertoniyanın inkişafı riski bel və ya qarın üstə yatanlarla müqayisədə  daha aşağıdır. Həkimlər yüksək təzyiqdən əziyyət çəkənlərə məhz böyür üstə yatmağı tövsiyə edirlər ki, bu təzyiqi tənzimləməyə yardım edir.