Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” (ATT) Açıq Səhmdar Cəmiyyətinin rəhbər şəxsləri Quba, Qusar və Xaçmaz rayonlarında yerli fermerlərlə və qida məhsulları istehsalçıları ilə görüş keçirib. Bu rayonların Dövlət Aqrar İnkişaf Mərkəzlərində baş tutan görüşlərdə fermerlər ATT-nin fəaliyyəti, həyata keçirdiyi layihələr və gələcək planları barədə məlumatlandırılıb. Fermer və qida məhsulları istehsalçıları qurum tərəfindən həyata keçirilən “Kənddən Şəhərə”, “Şəhərdən Kəndə” və AFAQ layihələrinə qoşulmağa dəvət edilib. Həmçinin, fermerlərin problemləri yerindəcə dinlənilib, müraciətləri qeydə alınıb.
Görüşdə çıxış edən “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə fermerlərə məlumat verib: “Qurum olaraq əsas vəzifəmiz dövlət vəsaiti hesabına fermerlərdən yetişdirdikləri kənd təsərrüfatı məhsullarını satın almaq və bu məhsullarla müxtəlif dövlət qurumlarının qida təchizatını həyata keçirməkdir. Bu günə qədər məhsullarının satışında problem yaşayan yüzlərlə fermerlə əməkdaşlıq etmişik. Bu fermerlərin 50-yə yaxını Quba, Qusar və Xaçmaz rayonlarında fəaliyyət göstərirlər. Ümumilikdə bu rayonlarda yaşayan fermerlərdən on ay ərzində 400 tona yaxın kənd təsərrüfatı məhsulu tədarük etmişik. Həm bu regionda, həm də digər regionlarda əməkdaşlıq etdiyimiz fermerlərin sayı hər keçən gün artmaqdadır”.
Leyla Məmmədova daha sonra fermerləri ATT tərəfindən həyata keçirilən layihələrə qoşulmağa dəvət edib: “Bildirmək istəyirəm ki, həyata keçirdiyimiz layihələr sizə öz məhsullarınızı daha tez və sərfəli qiymətə satmağa kömək edəcək. Hər birinizi layihələrimizə qoşulmağa dəvət edirəm. “Kənddən Şəhərə” layihəsi çərçivəsində Bakı şəhərində iki satış mərkəzi fəaliyyət göstərir. Mütəmadi olaraq hər həftəsonu paytaxtın müxtəlif nöqtələrində “Kənddən Şəhərə” yarmarkaları təşkil edirik. Bütün bu yarmarka və satış mərkəzlərində paytaxt sakinlərinə sizin yetişdirdiyiniz məhsullar təqdim edilir. Yarmarkalarda iştirak edən fermerlər öz məhsullarını birbaşa alıcılara satırlar. Biz fermerləri ödənişsiz yer və lazımi avadanlıqlarla təmin edirik. “Şəhərdən Kəndə” layihəsi isə sizə təsərrüfatınızdan əlavə gəlir götürmək imkanı yaradacaq. Siz öz təsərrüfat sahənizdə yerli və xarici turistləri qonaq etməklə həm də məhsullarınız üçün alternativ satış kanalı əldə edəcəksiniz. AFAQ layihəmiz isə qadınları hədəf götürən bir layihədir. Bu layihəni həyata keçirməklə aqrar sahədə fəaliyyət göstərən qadınların sayını artırmaq istəyirik”.
Leyla Məmmədova əlavə edib ki, yetişdirdikləri məhsulların satışında çətinlik çəkən fermerlərə dəstək göstərilir və bu ənənə gələcəkdə də davam etdiriləcək: “Mən sizdən xahiş edirəm ki, rastlaşdığınız hər hansı problemlə bağlı regional idarələrimizə, yaşadığınız rayonda yerləşən DAİM-ə və ya 1652 qaynar xəttinə, eləcə də 050 400 88 99 nömrəsinə müraciət edəsiniz. Ola bilər ki, sui-istifadə halları ilə rastlaşasınız. Əməkdaşımız olmayan hansısa şəxslər bizim adımızdan sizə müraciət edə bilərlər, onlara inanmayın. Birbaşa bizim idarələrimizə yaxınlaşın və problemlərinizi bildirin. Biz sizin problemlərinizi həll etmək üçün əlimizdən gələni edəcəyik. Bundan əmin ola bilərsiniz. Məqsədimiz sizin təsərrüfatınızı daha da inkişaf etdirməyinizə yardım etməkdir”.
Xatırladaq ki, “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyətinin rəhbər şəxsləri mütəmadi olaraq müxtəlif regionlarda fermerlərlə görüşlər keçirirlər. Bu görüşlər davam etdiriləcək.