Bakının “8-ci km bazarı” (“Vosmoy bazarı”) kimi tanınan “Vüqar-2” ticarət mərkəzində ciddi pozuntular aşkarlanıb.
Foodinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən paytaxtın Nizami rayonu, C.Naxçıvanski küçəsi, 64 ünvanında yerləşən “Vüqar-2” ticarət mərkəzində hələ 8 aprel 2022-ci il tarixində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində nöqsanları aradan qaldırılması üçün əlavə vaxt verilərək tələbnamə təqdim edilib.
Oktyabrın 27-də isə Xidmət tərəfindən bu obyektdə keçirilmiş təkrar yanğın-texniki müayinə zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların hələ də aradan qaldırılmadığı müəyyən edilib.
Belə ki, ticarət mərkəzi yanğın su hovuzu ilə təmin edilməyib, habelə ərazidə daxili yanğın su kranları quraşdırılmayıb, ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməyib, təxliyə yollarında sərbəst hərəkət məhdudlaşdırılıb, ticarət mərkəzinin perimetri boyunca vətəndaşların küçə ticarəti ilə məşğul olması səbəbindən yanğın avtomobillərinin ticarət mərkəzinə yaxınlaşması məhdudlaşdırılıb.
Həmçinin obyektin elektrik təchizatı və elektrik qurğuları “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb, standarta uyğun olmayan elektrik qızdırıcı cihazlarından istifadə edilir, bir çox satış sahələrinin divarları və tavanı tezalışan çadır tipli materiallarla örtülüb.
Bununla yanaşı, ticarət mərkəzinin ərazisində aidiyyəti dövlət qurumları, o cümlədən Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmadan motelin (mehmanxana) fəaliyyət göstərdiyi və orada yanğın təhlükəsizliyinə dair ciddi qayda pozuntuları aşkar edilib.
"Qeyd olunanları nəzərə alaraq, verilmiş tələbnamənin yerinə yetirilməməsinə görə ticarət mərkəzinin yanğın təhlükəsizliyinə qarşı cavabdeh şəxsi – Həsrətov Həsrət Tənzil oğlu barəsində “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi”nin 536.1-ci maddəsinə əsasən inzibati xəta haqqında növbəti protokol tərtib edilib, nöqsanların aradan qaldırılması üçün sahibkara təqdimat ünvanlanıb və sənəd ticarət mərkəzinin nümayəndəsinə təqdim olunub. Yanğına qarşı aşkar edilmiş qayda pozuntuları aradan qaldırılmadığı təqdirdə qanunvericiliyə uyğun daha ciddi tədbirlərin tətbiq ediləcəyi sahibkarın nəzərinə çatdırılıb", - məlumatda qeyd edilib.
https://youtu.be/iJXG-a-7U_c
[gallery ids="51601,51602,51603,51604,51605,51606,51607,51608,51609,51610,51611,51612"]