Azərbaycanda bu ildən tətbiq ediləcək aqrar sığorta mexanizmi ilkin mərhələdə 14 növ bitkiçilik məhsulunu sığortalayacaq. Aqrar Sığorta Fondunun məlumatına görə, aqrar sığorta ilə əhatələnəcək bitkiçilik məhsullarının siyahısı Nazirlər Kabinetinin 17 dekabr 2019-cu il tarixli 479 saylı qərarı ilə müəyyən edilib. Həmin qərara əsasən aqrar sığortanın predmetinə daxil olan kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları buğda, arpa, qarğıdalı, kartof, şəkər çuğunduru,  portağal,  limon, naringi, çay, çəltik, tütün, üzüm, fındıq və pambıqdır. Başqa sözlə, ölkəmizdə tətbiq ediləcək aqrar sığorta mexanizmi çoxillik əkmələri də əhatə edəcək. Bu da həmin sahələrin investisiya cəlbediciliyini artıracaq. Növbəti dövrlərdə aqrar sığortanın əhatə edəcəyi bitkilərin siyahısının daha da artırılması nəzərdə tutulur. Xatırladaq ki, Nazirlər Kabinetinin 27 dekabr 2019-cu il tarixli qərarı ilə aqrar sığortanın əhatə etdiyi risklərin tərkibi dəqiqləşdirilib. Bunlar təbii fəlakətlər: zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına, dolu, yanğınlar, bitki xəstəlikləri və zərərvericiləri, xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu, üçüncü şəxslərin hərəkətləridir. Aqrar sığorta taxıllar, paxlalılar və yağlı bitkilərdə – dəni, lifli bitkilərdə – lifi, əsas məhsulu kök və dibində olan bitkilərdə - kök və dibi, əsas məhsulu yarpaq olan bitkilərdə - yarpağı, meyvəsi yeyilən bitkilərdə - meyvəni, yem bitkilərində isə- bütün yaşıl hissəyə təminat verir. Qeyd edək ki, sahibkarlar əlavə sığorta haqqı ödəməklə bir sıra başqa risklərdən də sığortalana bilərlər. Belə ki, əlavə sığorta haqqı ödəməklə portağal, limon, naringi və üzüm bitkilərinin məhsullarında dolu riski nəticəsində yaranan miqdar itkisi ilə yanaşı, keyfiyyət itkisinə də təminat verilə bilər. Eləcə də əlavə sığorta haqqı ödəməklə buğda və arpa bitkilərinin dən hissəsi ilə yanaşı, gövdə hissəsində də yaranan miqdar itkisinə təminat verilə bilər və bu təminat üzrə sığorta məbləği bitkinin dən hissəsi üzrə sığorta məbləğinin 40%-dən çox ola bilməz. Bundan başqa, əlavə sığorta haqqı ödəməklə, bitki xəstəlikləri və zərərvericilər və xüsusi təhlükəli ziyanvericilərin yayılması riskləri nəticəsində yaranan miqdar itkisinə təminat verilə bilər. Aqrar sığorta mexanizmindən yararlanmaq üçün fermer Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçməlidir. EKTİS-də qeydiyyatdan keçdikdən sonra fermer müvafiq sığorta şirkətinə sığortalanmaqla bağlı müraciət edə bilər. Qaydalara əsasən, aqrar sığortada sığorta haqqının 50%-lik hissəsi dövlət tərəfindən subsidiya edilir. Fermer sığorta haqqının yalnız yarısını, hissə hissə ödəyir. Aqrar sığorta müqavilələri onlayn qaydada bağlanılacaq, sığorta hadisəsi baş verdiyi halda da, ödənişlə bağlı prosedurlar onlayn qaydada həyata keçiriləcək.