Azərbaycan Respublikasının Qida Təhlükəsiziyi Agentliyi (AQTA) tərəfindən Rusiya Federasiyasının və Böyük Britaniyanın qida obyektləri üzrə təsdiq sisteminin ekvivalentliyi tanınıb. Bununla bağlı AQTA qərar qəbul edib.
Foodinfo.az xəbər verir ki, qərara uyğun olaraq, bundan sonra yüksək riskli qida məhsulları istehsal edən adıçəkilən ölkələrin müəssisələri əlavə qiymətləndirmə aparılmadan respublikamıza məhsullarının ixracını həyata keçirə biləcək. Belə ki, təsdiq sisteminin ekvivalentliyi tanınan ölkələrin səlahiyyətli qurumları tərəfindən xarici qida obyektlərinin təsdiqinə dair müvafiq rəsmi məlumatlar olduğu və ya həmin obyektlər tərəfindən bu barədə Agentliyə müvafiq təsdiqedici sənədlər təqdim edildiyi halda, onların yenidən təsdiqi tələb olunmur. Bu isə ölkəmizlə həmin dövlətlər arasında qida məhsullarının ticarət dövriyyəsinin artmasına öz töhfəsini verəcək.
Qeyd edək ki, müvafiq qərar qəbul olunmamışdan əvvəl qida təhlükəsizliyi sisteminin qiymətləndirilməsi məqsədi ilə Agentlik tərəfindən hər iki ölkəyə müvafiq sorğular ünvanlanıb və lazımi məlumatlar əldə edilib. AQTA həmin dövlətlərin qida təhlükəsizliyi sistemini yerində qiymətləndirib. Bundan sonra Rusiya Federasiyası ilə Böyük Britaniyanın qida təhlükəsizliyi, o cümlədən yoxlama və nəzarət sisteminin Azərbaycanda tətbiq olunan sistemlə, eləcə də Kodeks Alimentarius Komissiyasının və Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının standartları ilə uyğunluğu, həmçinin qida və yem məhsullarının ticarət dövriyyəsi zamanı müəyyən edilmiş qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə uyğunsuzluqların statistikası nəzərə alınaraq müvafiq qərar qəbul olunub.
Qərara əsasən, tanınma üçün əsas götürülmüş meyarlar üzrə tələblərə uyğunsuzluğu barədə sübutlar əldə edildikdə və ya həmin ölkələrdən respublikamıza təkrar olaraq insan və heyvan həyatı ilə sağlamlığı üçün təhlükəli olan qida və yem məhsulları idxal edildiyi halda, həmin dövlətlərin təsdiq sisteminin ekvivalentliyinin ləğv olunması məsələsi Agentliyin Kollegiyasının müzakirəsinə çıxarılacaq.