Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bioloji aktiv qida məhsulları ilə bağlı istehlakçılara müraciət edib.

Foodinfo.az-ın xəbərinə görə, müraciətdə bildirilir ki, hazırda ölkəmizdə dövriyyədə olan bioloji aktiv qida məhsullarının (BAQM) əksər hissəsi idxal olunan məhsullardır. Bioloji aktiv qida məhsullarının emalı və dövriyyəsinə yalnız dövlət qeydiyyatı aparıldıqdan sonra icazə verilir.

Bioloji aktiv qida məhsulları qida rasionunu zənginləşdirmək üçün vasitədir. Bu məhsulların buraxılış forması və digər qida məhsullarından fərqli olaraq gündəlik qəbuletmə dozasının müəyyənləşdirilməsi, həmçinin qablaşdırılmasına görə dərman vasitələrinə bənzəsə də, heç bir halda dərman vasitəsi deyildir. Dolayısı ilə bu məhsullar xəstəliklərin müalicəsi və profilaktikası gücünə də malik deyil. Hətta BAQM-lar normal qidalanmanı əvəz etmir.

Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşmədən bioloji aktiv qida məhsullarının qəbulu yolverilməzdir.

İstehlakçılardan xahiş olunur ki, satış şəbəkələrində bioloji aktiv qida məhsulları ilə bağlı hər hansı uyğunsuzluq və ya qanunsuz hal müşahidə etdikdə bununla bağlı AQTA-nın “1003-Çağrı Mərkəzi”nə məlumat versinlər.

Unutmayın ki, bioloji aktiv qida məhsullarından yanlış istifadə sağlamlığınıza zərər verə bilər.