Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən zərərli orqanizmlərin vaxtında aşkarlanması və ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə fitosanitar monitorinqlər davam etdirilir.

 Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, bu çərçivədə Agentliyin Lənkəran-Astara regional bölməsinin müfəttişləri tərəfindən regional bölmənin əhatə etdiyi inzibati ərazilərdə yerləşən 20 təsərrüfat subyektinə məxsus 124.3 hektar çiyələk əkin sahəsində monitorinqlər aparılıb. Monitorinqlər zamanı çiyələk məhsulundan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinələrə cəlb olunub. Müayinələr nəticəsində 5 təsərrüfatda bitki və ətraf aləm üçün zərərli hesab olunan karantin tətbiq edilməyən zərərli orqanizmlərdən meyvə milçəyi (Drosophila melonogaster), 1 təsərrüfatda pambıq sovkası (Helicoverpa armigera), 1 təsərrüfatda isə karantin tətbiq edilən Qərb çiçək tripsi (Frankliniella occidentalis) aşkarlanıb. Həmçinin çiyələk sahələrində Qərb çiçək tripsinin mövcudluğunu müəyyən etmək məqsədilə müvafiq feromon tələlər asılıb.

Çiyələk sahələri ilə yanaşı iyul-avqust ayları ərzində 11 təsərrüfat subyektinə məxsus 156 hektar üzüm bağlarında da monitorinqlər aparılıb, nümunələr götürülərək müvafiq müayinələrə cəlb edilib. Müayinələr nəticəsində hər hansı karantin tətbiq edilən zərərli orqanizm aşkarlanmayıb.

Aşkarlanan zərərli orqanizmlərlə bağlı müvafiq tədbirlər həyata keçirilib, təsərrüfat sahiblərinə tapşırıq və tövsiyələr verilib.