Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) 52 Avropa ölkəsini əhatə edən Kodeks Komitəsinin koordinatoru Nailya Karsybekova, Kodeks Alimentarius Komissiyasının Niderland Krallığındakı Milli Koordinatoru Dr.Marie-Ange Dymphne və Qazaxıstanın Kodeks Alimentarius nümayəndə heyəti ilə görüş keçirilib.
AQTA-dan Foodinfo.az-a verilən məlumata görə, görüşdə Agentliyin əməkdaşları AQTA-nın fəaliyyət istiqamətlərinə dair nümayəndə heyətinə ətraflı məlumat verib. AQTA-nın yaradılması və qısa müddətdə fəaliyyətə başlaması qonaqlar tərəfindən yüksək qiymətləndirilib.
Görüş çərçivəsində Kodeks Alimentarius Komissiyasının işində Milli Kodeks Əlaqələndirici qurumun fəaliyyəti, Kodeks standartlarından istifadənin üstünlükləri, Kodeks komitələrindəki cari işlər, veb portallardakı işlər, elektron iş qrupları və digər məsələlər müzakirə olunub.
Həmçinin iştirakçılara Niderland Krallığının və Qazaxıstan Respublikasının Kodeks Alimentarius təcrübəsi barədə məlumatlar verilib, eləcə də Kodeks Alimentarius standartları üzrə həyata keçirilən tədbirlər və gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan işlər çərçivəsində müzakirələr aparılıb.