Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə istehsal edilən və idxal olunan bioloji aktiv qida məhsulları üzərində nəzarət və tənzimləmə tədbirlərini davam etdirir. Tədbirlər çərçivəsində son vaxtlar ölkəyə idxal olunan bir sıra bioloji aktiv qida məhsullarının laborator müayinələri zamanı ciddi uyğunsuzluqlar aşkarlanıb. Həmçinin ölkəmizə idxal edilən bir çox bioloji aktiv qida məhsullarının istehsalçı ölkədə qeydiyyatdan keçmədiyi və satış dövriyyəsində olmadığı müəyyən edilib. Bioloji aktiv qida məhsullarının idxalı ilə əlaqədar mövcud vəziyyət təhlil edilərək Agentlik tərəfindən bu sahədə fəaliyyət göstərən sahibkarlara xəbərdarlıq edilib.

Foodinfo.az xəbər verir ki, daha əvvəl keçirilən görüşlərin davamı olaraq, bioloji aktiv qida məhsullarının idxalı ilə məşğul olan sahibkarların müraciəti əsasında bu sahədə fəaliyyət göstərən bir qrup idxalçı şirkətlərin nümayəndələri ilə AQTA-da görüş baş tutub. Məqsəd sahibkarlarla əməkdaşlığın daha da genişləndirilməsi, onların mövcud qanunvericilik və tələblər barədə məlumatlandırılması, fəaliyyətin beynəlxalq tələblərə uyğun təşkilinə metodiki kömək göstərilməsidir. Bir daha qeyd edilib ki, Agentlik tərəfindən əhalinin həyat və sağlamlığının yüksək səviyyədə təmin olunması məqsədilə istər yerli, istərsə də ölkə ərazisinə idxal edilən, qanunvericiliyin tələblərinə uyğun olmayan bioloji aktiv qida məhsullarının ölkəmizdə dövriyyəsinə icazə verilməyəcək. Eyni zamanda nəzərə almaq lazımdır ki, qanunvericiliklə dövlət qeydiyyatına alınmamış bioloji aktiv qida məhsullarının istehsalı, emalı və dövriyyəsi ölkə ərazisində qadağandır.

Xatırladaq ki, Agentlik Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, cari il iyulun 1-dən bioloji aktiv qida məhsullarının qeydiyyatı üçün müraciətlərin qəbuluna başlayıb. Agentlik tərəfindən qeydiyyata alındıqdan sonra bu məhsulların ölkə ərazisinə idxalına icazə verilir. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq aparılan prosesə əsasən, qeydiyyata alınacaq bioloji aktiv qida məhsullarının qeydiyyat müddəti 5 il nəzərdə tutulur.

Görüş zamanı sahibkarların təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb və qarşıda duran məsələlərin həlli ilə bağlı müvafiq göstərişlər verilib.