Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Respublika üzrə fitosanitar müşahidələri davam etdirir. Foodinfo.az Agentliyin rəsmi internet saytına istinadən xəbər verir, növbəti müşahidələr Kürdəmir rayonu Pirili kəndi ərazisində bostan - qarpız və yemiş sahələrində həyata keçirilib. Müşahidələr zamanı əkin sahələrində nitratester vasitəsilə bostan bitkilərində (qarpız,yemiş və s.) nitrat və nitritin qalıq miqdarı yoxlanılıb. Təsərrüfat sahiblərinə aqrokimyəvi maddələrdən istifadə qaydaları ilə bağlı maarifləndirici məlumatlar verilib. Bildirlib ki, torpağın aqrokimyəvi analizi aparılmadan ammonium nitrat gübrəsinin normadan artıq verilməsi bitkilərdə, xüsusilə qarpız və yemişdə nitrat və nitritin qalıq miqdarının normadan artıq yığılmasına səbəb olur ki, bu da insan orqanizmində bəzi fəsadlara gəririb çıxara bilər. Odur ki, aqrokimyəvi maddələrdən istifadə edərkən diqqətli olmaq və müəyyən edilən normanı keçməmək lazımdır. Qeyd edək ki, Agentlik tərəfindən əhalinin sağlamlığını qorumaq və təhlükəsiz qida məhsulları ilə təmin etmək məqsədi ilə müşahidələr mütəmadi olaraq davam etdiriləcək.