Noyabrın 13-də Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) iri ticarət şəbəkələrinin rəhbərləri ilə görüş keçirilib. Görüşdə, qanunvericiliklə nəzərdə tutulmuş qaydada qida məhsulları sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qeydiyyatının vacibliyi, eyni zamanda ticarət şəbəkələrində çalışan şəxslərin tələb olunan zaman ərzində tibbi müayinədən keçməsinin zəruriliyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Müvafiq sertifikat olmadan qida məhsullarının ticarət dövriyyəsinə qəbulunun qanunazidd olduğunu bildirən Agentliyin sədr müavini Balarəhim Quliyev sahibkarları qeydiyyat prosesində aktiv iştirak etməyə dəvət edib. Qida Təhlükəsizliyi Agentliyinin qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin və qida məhsulları istehlakçılarının maarifləndirilməsi işinin bundan sonra da davam etdiriləcəyi bildirilib. Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb və ticarət şəbəkələrinin qarşılaşdıqları problemlərin həlli istiqamətində fikir mübadiləsi aparıb.