Bu gün kütləvi informasiya vasitələrinin nümayəndələrinin Qida Təhlükəsizliyi Agentliyinin Lənkəran şəhərində yerləşən Lənkəran Regional Sınaq Laboratoriyasına səfəri təşkil edilib.
Bizimyol.info xəbər verir ki, media-turun keçirilməsində məqsəd Agentliyin müxtəlif regionlarda yerləşən sınaq laboratoriyalarının fəaliyyəti və həmin laboratoriyaların iş prinsipi ilə bağlı media nümayəndələrini məlumatlandırmaqdır.
Jurnalistlərin diqqətinə çatdırılıb ki, qida məhsullarından götürülən nümunələr məxfiliyin qorunması prinsipi əsas götürülərək kodlaşdırılır, daha sonra təyinatı üzrə müvafiq laborator analizlər aparılması məqsədi ilə müayinələrə cəlb edilir. Müayinələrdən sonra nəticələr həmin kod altında Agentliyin vahid elektron sisteminə daxil edilir ki, bununla da prosesin şəffaf şəkildə izlənməsi təmin edilir.
Qeyd olunub ki, nümunələr laboratoriyaya vətəndaşlardan daxil olan şikayət əsasında, eləcə də, sahibkar və vətəndaşların fərdi istəyi ilə daxil olur.
2 gün davam edəcək media-tur çərçivəsində jurnalistlər bir neçə istehsal müəssisəsində məhsullardan nümunələrin götürülməsi və laboratoriyada ekspertizasının aparılması prosesini izləyiblər.