Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nəzdində fəaliyyət göstərən “Qida Təhlükəsizliyi Könüllüləri” təşəbbüs qrupunun təsis konfransı keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, sonra Agentliyin 5 illik fəaliyyətinə həsr edilən videoçarx nümayiş olunub.
Foodinfo.az xəbər verir ki, konfransda AQTA-nın, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ), Azərbaycan Gənclər Fondunun, Azərbaycan Könüllü Təşkilatları İttifaqının məsul şəxsləri və əməkdaşları, eləcə də könüllülər iştirak edib.
Tədbirdə Agentliyin sədr müavini Zəkiyyə Mustafayeva açılış nitqi ilə çıxış edib. Z.Mustafayeva bildirib ki, Azərbaycanda könüllülük hərəkatında yüksəliş ulu öndər Heydər Əliyevin hakimiyyəti illərindən başlayıb. Həmin dövrdə bu sahədə əsaslı tədbirlər həyata keçirilib. Hazırda isə könüllülük fəaliyyəti ilə bağlı aparılan işlər Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Bu çərçivədə AQTA da ölkədə könüllülük fəaliyyətinin genişlənməsi istiqamətində həyata keçirilən işlərə öz töhfəsini verməkdədir. Belə ki, Agentlik tərəfindən “Könüllü Qida Nəzarətçisi” proqramı icra olunub. Proqramın ölkə üzrə davamlı və dayanıqlı fəaliyyətinin təmin edilməsi məqsədilə isə “Qida Təhlükəsizliyi Könüllüləri” təşəbbüs qrupu təsis olunub. Qrupun əsas məqsədi Azərbaycanda qida təhlükəsizliyi və gənclər siyasəti üzrə həyata keçirilən fəaliyyətlərə ictimai dəstəyin göstərilməsindən, həmçinin gənclərin müvafiq sahələrə töhfə verməsinə şərait yaratmaqdan ibarətdir.
Konfransda çıxış edən AQTİ-nin İdarə Heyətinin sədri Əli Nəbiyev ölkəmizdə həyata keçirilən gənclər siyasətinin gənclərin qarşısında böyük imkanlar açdığını vurğulayıb. Bu çərçivədə könüllülük fəaliyyətinin xüsusi yer tutduğunu nəzərə çatdırıb. Ə.Nəbiyev bildirib ki, hazırda AQTİ-də çalışan işçilərin 54,08%-i gənclərdir. Həmçinin İdarə Heyətinin sədri vurğulayıb ki, Agentlik tərəfindən həyata keçirilən “Könüllü Qida Nəzarətçisi” proqramına Bakı və regionlar üzrə ümumilikdə 723 könüllü qoşulub və onlar bu proqramı tamamlayıblar. Proqramda iştirak etmiş könüllülərdən 52 nəfər AQTA-da və Agentliyin tabeliyindəki qurumlarda işlə təmin olunub. “Qida Təhlükəsizliyi Könüllüləri” təşəbbüs qrupuna üzvlərin cəlb edilməsi ilə bağlı isə AQTİ-nin əməkdaşları tərəfindən 6 universitetin tələbələri ilə görüşlər təşkil olunub. Həyata keçirilən bu və digər tədbirlər nəticəsində təşəbbüs qrupuna qoşulmaq üçün 700-dən çox müraciət daxil olub. Müraciət edən 100-ə yaxın könüllü bütün mərhələlərdən uğurla keçib və onlar təşəbbüs qrupunun üzvləri kimi fəaliyyət göstərəcəklər.
Tədbirdə çıxış edən digər natiqlər də ölkəmizdə gənclər üçün yaradılan şəraitdən və könüllülük fəaliyyətinin əhəmiyyətindən danışıblar. Respublikamızda könüllülük fəaliyyətinin genişlənməsi istiqamətində aparılan işlərin öz töhfəsini verdiyini vurğulayıblar.
Konfransda, eyni zamanda bildirilib ki, “Qida Təhlükəsizliyi Könüllüləri” təşəbbüs qrupunun üzvü olan könüllülərin inkişafı istiqamətində tədbirlər görüləcək. Onlar təcrübə proqramlarına, infoturlara, həmçinin maarifləndirmə işlərinin və sorğuların aparılmasına cəlb ediləcəklər. Eləcə də bu çərçivədə ali, orta-ixtisas və peşə təhsili müəssisələri ilə sıx əməkdaşlıq qurulacaq, müvafiq işlər görüləcək. Könüllülərdən ibarət məlumat bazası yaradılacaq və onların mükafatlandırılması həyata keçiriləcək.
Tədbirin sonunda “Qida Təhlükəsizliyi Könüllüləri” təşəbbüs qrupunun təqdimatı olub və sual-cavab paneli təşkil edilib.