Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndə heyəti Rusiya Federasiyasına işgüzar səfər edib.
Foodinfo.az xəbər verir ki, səfər çərçivəsində AQTA nümayəndə heyəti Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) nümayəndələri ilə görüşüb. Görüş zamanı heyvandarlıq və bitkiçilik məhsulları üzrə hər iki ölkədə nəzarət sisteminin ekvivalentliyinin tanınması ilə bağlı müzakirələr aparılıb. AQTA-nın nümayəndə heyəti bu il ərzində Rusiyada fəaliyyət göstərən 100-dən çox heyvan mənşəli yüksək risk qrupuna aid məhsullar istehsal edilən müəssisədə qiymətləndirmə aparıldığını və tələblərə cavab verən 90-dan artıq obyektin təsdiq olunduğunu nəzərə çatdırıb. Eyni zamanda bu prosesin davam etdirildiyi vurğulanıb.
AQTA nümayəndə heyətinin səfər çərçivəsində Rusiyada fəaliyyət göstərən bəzi emal müəssisələrinə baş çəkməsi və “Rosselxoznadzor”un tabeliyindəki təşkilatların işi ilə tanış olması nəzərdə tutulur.