Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndə heyətinin Rusiya Federasiyasına işgüzar səfəri yekunlaşıb.  

Foodinfo.az xəbər verir ki, səfərin sonuncu günü nümayəndə heyəti Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) tabeliyində olan Heyvan Sağlamlığının Mühafizəsi üzrə Federal Mərkəzə və süd emalı müəssisəsinə baş çəkib. Həmçinin “Rosselxoznadzor”un laboratoriyalarının işi və məhsulların monitorinqi proqramları ilə yaxından tanış olub. 

Səfərin ilk günü isə nümayəndə heyəti işçi qaydada “Rosselxoznadzor”un əməkdaşları ilə görüşüb. Görüş zamanı heyvandarlıq və bitkiçilik məhsulları üzrə hər iki ölkədə nəzarət sisteminin ekvivalentliyinin tanınması ilə bağlı müzakirələr aparılıb.

Səfərin nəticəsi olaraq, AQTA-nın və “Rosselxoznadzor”un baytarlıq nəzarəti sahəsində informasiya sistemlərinin daha da təkmilləşdirməsi istiqamətdə əməkdaşlığın genişləndirilməsi məqsədəuyğun hesab edilib. Eyni zamanda iki qurum arasında əlaqələrin daha da gücləndirilməsinin və qarşılıqlı səfərlərin davam etdirilməsinin vacibliyi önə çəkilib. Eləcə də “Rosselxoznadzor” tərəfindən AQTA-nın əməkdaşları üçün təlimlərin təşkil olunmasının səmərəli ola biləcəyi vurğulanıb. 

Qeyd edək ki, səfər Agentliyin nümayəndələrinin Rusiyanın baytarlıq nəzarəti sistemi və “Rosselxoznadzor”un informasiya sistemlərinin imkanları ilə tanış olması məqsədilə həyata keçirilib.