2020-ci il 10 dekabr tarixindən Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumlarla birgə tədbirlər davam etdirilir. Foodinfo.az xəbər verir ki, məsələnin həlli istiqamətində AQTA və Rusiya Federasiyasının müvafiq qurumunun nümayəndə heyətləri arasında videokonfrans formatında görüşlər keçirilib, alma və pomidorun ixracına qoyulan məhdudiyyətlə bağlı geniş müzakirələr aparılıb. Bunun nəticəsi olaraq, 16 dekabr 2020-ci il tarixindən etibarən bir sıra müəssisələrə məhsullarının Rusiya Federasiyasına idxalına icazə verilib. Ardıcıl olaraq AQTA və aidiyyəti qurumlarla Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin mütəxəssislərindən ibarət nümayəndə heyətləri arasında intensiv görüşlər davam etdirilib və birgə nəzarət tədbirləri çərçivəsində hər iki qurumun mütəxəssislərinin iştirakı ilə respublikamızın müxtəlif bölgələrində yerləşən  pomidor məhsulu yetişdirilən istixanalarda videomonitorinqlər keçirilib. Həyata keçirilən tədbirlər nəticəsində Rusiya Federasiyasının müvafiq qurumu tərəfindən bugünədək 39 pomidor, 10 alma məhsulu istehsalı müəssisəsinə ixrac üçün icazələr verilib. Onu da qeyd edək ki, bəzi sahibkarlarda yanlış olaraq elə təsəvvür formalaşıb ki, şirkətlərin Rusiya bazarına məhsul ixrac etmələrinə icazələr bu müəssisələrdə keçirilən monitorinqlərdən sonra AQTA tərəfindən verilir. AQTA bu ölkəyə ixrac üçün yalnız Rusiya Federasiyasının müvafiq qurumu tərəfindən icazə verilmiş müəssisələrin məhsullarına laborator müayinələrdən sonra fitosanitar sertifikatlar verir. Digər müəssisələrin Rusiya Federasiyasına pomidor və alma məhsulu ixracı ilə bağlı icazələr Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") verdiyi qərar əsasında mümkündür. Eyni zamanda Agentliyin mütəxəssisləri tərəfindən ölkə üzrə fəaliyyət göstərən pomidor istehsalı müəssisələrində dəfələrlə aparılmış monitorinqlər zamanı bəzi müəssisələrdə bitki mühafizəsi və zərərvericilərə qarşı mübarizə tədbirlərinin lazımi səviyyədə aparılmadığı aşkar olunub və bununla bağlı həmin sahibkarlıq subyektlərinə rəsmi qaydada xəbərdarlıqlar edilib, bildirişlər göndərilib. Ancaq təəssüf ki, müşahidələr göstərir ki, hələ də bir sıra təsərrüfat subyektləri məsələyə ciddi yanaşmır və bununla da öz təsərrüfat sahələri ilə yanaşı ölkəmizdə bitki sağlamlığı və zərərvericilərə qarşı həyata keçirilən müvafiq tədbirlərin effektivliyinə ziyan vururlar. Bu cür təsərrüfat sahibləri nəzərə almalıdırlar ki, beynəlxalq ticarət qaydalarına, həmçinin idxalçı ölkənin idxal tələblərinə əsasən yalnız zərərvericilərdən azad təsərrüfatlardan məhsulun ixracı mümkündür. Əks halda həmin müəssisələrdə istehsal olunmuş məhsullardan götürülmüş nümunələrin laborator müayinələri zamanı zərərvericilər aşkarlanacaq və idxal olunması üçün məhsul partiyalarına müvafiq sertifikatlar verilməyəcəkdir. Ona görə də nəzərə alınmalıdır ki, yalnız beynəlxalq standartlara uyğun məhsul istehsal edən, həmçinin bitki mühafizəsi və zərərvericilərə qarşı lazımi səviyyədə tədbirlər həyata keçirən təsərrüfatlarda istehsal olunmuş məhsullar ixrac oluna bilər. Təəssüflər olsun ki, bəzi sahibkarlıq subyektləri sözügedən mübarizə tədbirlərinin vaxtlı-vaxtında aparılması, qoyulan tələblərin mütəmadi qaydada icra edilməsi əvəzinə öz məhsulunu ixrac etmək üçün bəzi mətbuat orqanlarında əsassız məlumatlar yayaraq, cəmiyyətdə çaşqınlıq yaratmağa cəhd göstərirlər. Ona görə də həmin təsərrüfatlarda Agentliyin mütəxəssisləri tərəfindən aparılmış monitorinqlərin nəticələri ilə bağlı aşkar olunmuş mövcud vəziyyət və bunu əyani şəkildə əks etdirən fotoşəkillər ictimaiyyətə təqdim olunacaq.