İyulun 1-dən ölkəyə idxal olunan süd və süd məhsulları, ət və ət məhsulları, konservlər, ərzaq balıqları, dəniz məhsulları, habelə kəsim üçün iri buynuzlu heyvanlara, quş ətinə və digər baytarlıq nəzarətində olan məhsulların idxalına Qida Təhlükəsizliyi Agentliyi nəzarəti edəcək.
Bu barədə Agentliyin mətbuat xidmətinin rəhbəri Mansur Piriyev bildirib. Onun sözlərinə görə, 1 iyuldan etibarən, idxal-ixrac əməliyyatları sahəsində, o cümlədən baytarlıq nəzarətində olan yüklərin ölkəyə idxalında yeni nəzarət mexanizmləri tətbiq olunacaq.
M.Piriyev bildirib ki, idxal-ixrac əməliyyatları ilə məşğul olan sahibkarlar dövlət baytarlıq nəzarətində olan yükləri ölkəyə idxal etməzdən öncə idxal tələbləri barədə məlumatlı olmalı, baytarlıq nəzarətində olan yüklər ölkəmizə göndərilməzdən əvvəl ixrac edən ölkə tərəfindən Azərbaycan Respublikasının idxal tələbləri nəzərə alınmalıdır:
“Yüklərə Beynəlxalq Heyvan Sağlamlığı Təşkilatının baytarlıq sahəsində təklif etdiyi müvafiq nümunələrə uyğun ixrac və idxal edən, lazım gələrsə, tranzit ölkələrin birgə seçdiyi dildə beynəlxalq baytarlıq sertifikatı tərtib edilməlidir”.
Qurum rəsmisi dövlət baytarlıq nəzarətində olan yüklərin idxalını həyata keçirən sahibkarların Azərbaycan Respublikasında qüvvədə olan süd və süd məhsullarına, ət və ət məhsullarına, konservlərə, ərzaq balıqları, dəniz məhsulları, habelə kəsim üçün iri buynuzlu heyvanlara, quş ətinə və baytarlıq nəzarətində olan digər məhsulların idxalına dair baytarlıq tələbləri ilə Agentliyin rəsmi veb səhifəsində tanış ola biləcəklərini bildirib. (Modern.az)