Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ilə Dünya Bankının Avropa və Mərkəzi Asiya regionunda kənd təsərrüfatı və qida təcrübəsi üzrə meneceri Holger Krayın rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Foodinfo.az xəbər verir ki, görüş zamanı Q.Təhməzli ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlər, həmçinin bu istiqamətdə beynəlxalq təşkilatlar və xarici ölkələrlə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat verib.
Görüşdə daha sonra Azərbaycan Respublikası Hökuməti ilə Dünya Bankının birgə əməkdaşlığı çərçivəsində icra edilmiş “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi” çərçivəsində müxtəlif istiqamətlər üzrə görülmüş işlərə diqqət yetirilib. Agentlik tərəfindən heyvan və bitki sağlamlığı sahələrində hüquqi və normativ bazanın təkmilləşdirilməsi, vivariumun yaradılması və BSL3 laboratoriyasının qurulması, məhsulların izlənməsi, heyvanların identifikasiyası və qeydiyyatı sistemi, innovativ həllərin tətbiqi ilə informasiya texnologiyaları sahəsində ən müasir beynəlxalq təcrübənin tətbiqi məsələlərinin Dünya Bankı tərəfindən hazırlanacaq yeni layihədə nəzərə alınması ilə bağlı prioritet istiqamətlər müzakirə edilib. İstifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərlə çirklənmiş ərazilərdə mövcud problemlərin aradan qaldırılması istiqamətində Agentliyin təşəbbüsü ilə görülmüş və görülməkdə olan işlər nəzərdən keçirilib.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.