Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") rəhbəri Sergey Dankvert arasında videokonfrans formatında görüş olub.
Görüş zamanı cari il ərzində Azərbaycan Respublikasından Rusiya Federasiyasına kənd təsərrüfatı məhsullarının ixracının artırılması istiqamətində müzakirələr aparılıb. Xüsusilə heyvan və bitki mənşəli məhsulların, o cümlədən süd və süd məhsullarının Rusiya Federasiyasına ixracının daha da genişləndirilməsi imkanları nəzərdən keçirilib və bu sahədə dövlət nəzarəti məsələsi önə çəkilib.
S.Dankvert vurğulayıb ki, AQTA tərəfindən müvafiq nəzarət tədbirlərinin gücləndirilməsi və işin daha səmərəli təşkili Azərbaycandan Rusiya Federasiyasına kənd təsərrüfatı məhsullarının ixracını artırmağa və prosesi operativ şəkildə həyata keçirməyə imkan yaradıb. Həmçinin qeyd edilib ki, Rusiyadan Azərbaycana göndərilən bəzi kartof məhsulu partiyalarında aşkarlanmış uyğunsuzluqların aradan qaldırılması və tələblərə tam cavab verməsinin təmin olunması istiqamətində müvafiq tədbirlər həyata keçirilməkdədir.
Q.Təhməzli iki qurum arasında qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarəti sahələrində əməkdaşlığın inkişafına verdiyi töhfə və əməli fəaliyyətə görə "Rosselxoznadzor"un rəhbəri S.Dankvertə minnətdarlığını ifadə edib, görülən işlərin hər iki ölkənin ticarət dövriyyəsinin artırılmasına şərait yaradacağını bildirib. Həmçinin qarşılıqlı əməkdaşlıq və etimad şəraitində bundan sonra da qida məhsullarının idxalı və ixracı zamanı işlərin daha operativ və səmərəli həyata keçiriləcəyini diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.