Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Küveyt Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Abdullah Mohamed Abdullah Almauidi ilə görüşüb. Foodinfo.az-ın xəbərinə görə, görüşdə Q.Təhməzli ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlər, həmçinin bu istiqamətdə beynəlxalq təşkilatlar və xarici ölkələrlə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər barədə səfirə məlumat verib. Eyni zamanda AQTA sədri 2023-cü il yanvarın 1-dən qüvvəyə minən “Qida təhlükəsizliyi haqqında” Qanun və həmin qanundan irəli gələn tələblər barədə məlumatları səfirin diqqətinə çatdırıb. Həmçinin görüş zamanı iki ölkə arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib. Agentliklə Küveyt Dövlətinin müvafiq qurumu arasında əməkdaşlıq əlaqələrinin gücləndirilməsi məqsədilə onlayn görüş təşkil edilməsinin məqsədəuyğun olduğu diqqətə çatdırılıb. Eləcə də qida məhsullarının (baytarlıq və fitosanitar) idxal-ixrac əməliyyatlarına dair fikir mübadiləsi aparılıb. Görüşdə “Azərbaycan Respublikası Hökuməti ilə Küveyt Dövləti Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında" Sazişin imzalanması imkanları nəzərdən keçirilib. Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib. [gallery ids="53108"]