Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün tədbirlər görürlər.

Foodinfo.az AQTA-nın saytına istinadla xəbər verir ki, tərtib edilən qəbul cədvəlinə müvafiq olaraq, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli yanvarın 12-si Salyan Rayon İcra Hakimiyyətində Şirvan şəhəri və Salyan, Hacıqabul, Neftçala, Biləsuvar rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbuldan öncə Agentliyin sədri Qoşqar Təhməzli və Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

AQTA-nın məsul əməkdaşlarının iştirakı ilə keçirilmiş qəbula gələn vətəndaşların müraciətləri diqqətlə dinlənilib, bir qismi yerində öz həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Agentliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Qəbul zamanı qida sahəsində işlə təmin olunmaq istəyən müvafiq ixtisaslara yiyələnmiş vətəndaşların müraciətlərinə də baxılıb.