Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün tədbirlər görürlər. Foodinfo.az-ın məlumatına görə, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli yanvarın 12-də Sumqayıt Şəhər Heydər Əliyev Mərkəzində Sumqayıt şəhəri və Abşeron, Xızı, Qubadlı, Zəngilan rayonlarından olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb. Vətəndaşların müraciətləri əsasən regionda bitkiçilik, heyvandarlıq və qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin fəaliyyəti, o cümlədən ixrac olunan məhsullara sertifikatların verilməsi, məhsulların laborator müayinələrinin aparılması, heyvan kəsimi fəaliyyəti və bununla bağlı Agentlik tərəfindən həyata keçirilən baytarlıq nəzarəti və digər məsələlərlə bağlı olub. Daha sonra Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahələrdə çalışmaq üçün vakant yerlərə müraciət etmiş namizədlərlə görüş keçirilib. Qida məhsulları mühəndisliyi, istehlak mallarının ekspertizası və marketinqi, aqronomluq, baytarlıq, bitki mühafizəsi, kimya, biologiya, aqrokimya və torpaqşünaslıq ixtisasları üzrə təhsil almış şəxslərin, İnstitutun laboratoriyalarında entomoloq, fitohelmintoloq, herboloq, virusoloq, mikoloq, bakterioloq, molekulyar bioloq, laborant, keyfiyyətə nəzarət üzrə mütəxəssis və kimyaçı vəzifələrində çalışmaq istəyən şəxslərin müraciətlərinə baxılıb. [gallery ids="52843,52844,52845"]