Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Türkiyə Respublikasının kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı ilə görüşüb. Görüşdə Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı səfiri Cahit Bağcı, Avropa İttifaqı və Xarici İşlər üzrə Baş İdarə rəisi Fuat Kasımcan da iştirak edib.
Foodinfo.az xəbər verir ki, qonaqları səmimi qarşılayan AQTA sədri Qoşqar Təhməzli ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin bütün sahələr üzrə yüksək səviyyədə davam etdiyini və bu münasibətlər fonunda hər iki ölkənin qlobal layihələrin həyata keçirilməsində uğurlu, birgə iştirakından söz açıb.
Görüşün iki ölkə arasında əməkdaşlıq əlaqələrinin qida təhlükəsizliyi sahəsində daha da genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə edən Agentlik sədri son dövrlərdə ölkəmizdə qida təhlükəsizliyinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər, ölkə rəhbərliyinin bu sahəyə göstərdiyi diqqət və qayğı, eyni zamanda qida təhlükəsizliyinin təmin olunması ilə bağlı son illərdə həyata keçirilən işlər, həmçinin Azərbaycan Respublikasında “Qida təhlükəsizliyi haqqında” Qanunun qüvvəyə minməsi və Qanundan irəli gələn tələblərin icrası barədə geniş məlumat verib. İbrahim Yumaklını Türkiyə Respublikasının kənd təsərrüfatı və meşəçilik naziri vəzifəsinə təyin edilməsi münasibətilə təbrik edən AQTA sədri bu təyinatın əlaqələrin inkişafında yeni mərhələyə yol açacağına əmin olduğunu diqqətə çatdırıb.
Q.Təhməzli cari ilin 21-22 sentyabr tarixlərində Bitki mühafizə vasitələrinin (pestisidlərin) qeydiyyatı və dövriyyəsinin izlənilməsi sahəsində Türkiyədə mövcud sistemin Azərbaycanda tətbiqi imkanlarının qiymətləndirilməsi ilə bağlı türkiyəli mütəxəssislərin ölkəmizə səfəri, regional seminarda iştiraka və göstərilən dəstəyə görə minnətdarlıq edib.
Səmimi qəbul və təbrik üçün minnətdarlığını ifadə edən türkiyəli nazir ölkələrimiz arasında bütün istiqamətlər üzrə münasibətlərin qardaşlıq müstəvisində sürətli inkişafının məmnunluq doğurduğunu bildirib. Birgə əməkdaşlıq və əlaqələrin gələcək perspektivləri məsələlərinə də toxunan İbrahim Yumaklı tərəflər arasında qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahələrində birgə tərəfdaşlığın bundan sonra da genişləndiriləcəyini vurğulayıb.
Daha sonra görüşdə bir sıra yeni istiqamətlər üzrə əməkdaşlıq imkanları nəzərdən keçirilib, ikitərəfli münasibətlərin, qarşılıqlı maraq doğuran fəaliyyət sahələri üzrə fikir mübadiləsi aparılıb. Tərəflər Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin laboratoriyaları ilə AQTİ laboratoriyaları arasında təcrübə mübadiləsinin artırılması, yeni metodların tətbiqi istiqamətində Agentlik və AQTİ əməkdaşları üçün təlimlərin, səriştəlilik testlərinin və laboratoriyalararası qarşılıqlı sınaqların təşkili və s. məsələləri müzakirə ediblər.
Görüşdə “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş”də nəzərdə tutulan məsələlərin icrası ilə bağlı işlərin davam etdirilməsi, eyni zamanda “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıq haqqında Saziş” və “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş” layihələri üzrə aparılan işlərin sürətləndirilməsi və bu istiqamətdə fəaliyyətlərin genişləndirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.