Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli kənd təsərrüfatı məhsulları üçün tələb olunan sertifikatların qiymətinin baha olması ilə bağlı sahibkarların narazılığına münasibət bildirib.
"Report" xəbər verir ki, agentliyin sədri "Azərbaycan regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunan konfransda çıxışı zamanı hazırlanan dövlət rüsum və tariflərin ekspertizaya sərf olunan kompanentlərin, inqridentlərin hesablamasına əsasən təyin olunduğunu deyib.
Onun sözlərinə görə, AQTA yaradılana qədər ölkədə aqrokimyəvi preparatların ekspertizası 10 manata həyata keçirilirdi: "Lakin bir pestisidin ekspertizasının həyata keçirilməsi üçün onun maya dəyəri, taksikoloji analizləri 170 manata başa gəlir. Ona görə də hazırda həmin məhsulların ekspertizası dövlət tərəfindən qazanc məqsədi ilə həyata keçirilmir. Bu sadəcə ekspertizanı həyata keçirmək üçün heç olmasa minimum sərf olunan reaktivlərin və ləvazimatların maya dəyərini ödəmək üçün edilir".