Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının 3 noyabr 2020-ci il tarixli 19 nömrəli Qərarı ilə Agentiyin fəaliyyət istiqamətləri üzrə bir neçə texniki normativ hüquqi akt Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınaraq, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib. Kollegiya Qərarına əsasən “Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat”, “Baytarlıq apteklərinin təşkilinə və fəaliyyətinə dair Tələblər”, “Ət satışı müəssisələrinin fəaliyyətinə dair baytarlıq-sanitariya normaları və qaydaları”, “Heyvan və quş kəsimi məntəqələrinə dair baytarlıq-sanitariya normaları və qaydaları”, “Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalar”, “Qida məhsulları üçün mikrobioloji göstəricilərə dair sanitariya normaları və qaydaları” təsdiq edilib.
Foodinfo.az Qanunvericiliyə uyğun olaraq “Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat” qəbul olunduğu gündən, digər texniki normativ hüquqi aktlar isə 1 aprel 2021-ci il tarixindən qüvvəyə minir.
“Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat” Azərbaycan Respublikasına gətirilmiş və respublikadan aparılması nəzərdə tutulan bitki və bitkiçilik məhsullarının ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsini, nümunələrin götürülməsi üçün uyğun üsulların seçilməsini və laboratoriyaya göndərilməsini tənzimləyir.
“Baytarlıq apteklərinin təşkilinə və fəaliyyətinə dair tələblər” baytarlıq aptekinin quruluşuna və avadanlıqlarla təchizatına dair əsas tələbləri müəyyənləşdirir. Bu tələblərə əsasən baytarlıq aptekləri fərdi inşa edilmiş ayrıca binada, yaxud ayrıca girişi olan qeyri-yaşayış sahəsində təşkil olunur (zirzəmi və yarımzirzəmi istisna olmaqla). Tələblərə əsasən, baytarlıq aptekinin ümumi sahəsi 20 m2-dən az olmamalıdır.
“Ət satışı müəssisələrinin fəaliyyətinə dair baytarlıq-sanitariya normaları və qaydaları” ət və ət məhsullarının realizasiyası ilə məşğul olan bütün növ müəssisələrdə ət və ət məhsullarının daşınması, qəbulu, saxlanması və satılması ilə bağlı fəaliyyətə şamil edilir. Qaydalara əsəsən ət satışı müəssisələri fərdi inşa edilmiş ayrı tikilidə, binaların ayrıca girişi olan qeyri-yaşayış sahəsində (zirzəmi və yarımzirzəmi istisna olmaqla), həmçinin ticarət obyektlərində bu qaydaların tələblərinə cavab verən xüsusi ayrılmış yerlərdə yerləşə bilər.
“Heyvan və quş kəsimi məntəqələrinə dair baytarlıq-sanitariya normaları və qaydaları” səyyar, stasionar və modul tipli heyvan və quş kəsimi məntəqələrində (bundan sonra - kəsim məntəqələri) insanların keyfiyyətli və təhlükəsiz heyvan mənşəli qida məhsulları ilə təmin olunması və zoonoz xəstəliklərin qarşısının alınması məqsədilə kəsim məntəqələrinə dair baytarlıq-sanitariya normaları və qaydalarını müəyyən edir. Qaydalara əsasən kəsim məntəqələrinin yaşayış sahələri, ictimai təyinatlı və ya ümumi istifadədə olan obyektlərdən və su hövzələrindən (axar su mənbələrindən) ara məsafələri (sanitar-mühafizə zolaqları) gözlənilməklə yerləşdirilməsi müəyyən edilib.
“Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalar” qida zəncirinin bütün mərhələlərində - ilkin istehsalı, tədarükü, istehsalı, emalı, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi (o cümlədən idxal-ixrac əməliyyatları), ictimai iaşə və xidmət sahələrində istifadəsi, utilizasiyası, məhv edilməsi əməliyyatları daxil olmaqla qida məhsullarının təhlükəsizliyinə dair gigiyena tələblərini müəyyən edir.
“Qida məhsulları üçün mikrobioloji göstəricilərə dair sanitariya normaları və qaydaları” qida zəncirinin müxtəlif mərhələlərində qida məhsullarının mikrobioloji təhlükəsizliyinə dair əsas göstəriciləri və qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin bu sahədə vəzifələrini müəyyənləşdirir. Bu Qaydalar qida məhsullarının minimum keyfiyyət və təhlükəsizliyinin təmin olunması məqsədilə onların mikrobioloji göstəricilərinə dair sanitariya norma və qaydalarını müəyyənləşdirir.