Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, cari ilin noyabrın 1-dən etibarən Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 1001 ticarət müəssisəsində monitorinqlər keçirilib. Monitorinqlər zamanı 47 ticarət müəssisəsində qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar olunub. Belə ki, həmin müəssisələrdə açıq şəkildə satışı həyata keçirilən süd məhsulları, müxtəlif növ turşular, mürəbbələr, üzüm tənəyi, yağ, nar şirəsi, düşbərə, konservləşdirilmiş mal əti məhsullarının üzərində etiket məlumatlarının olmadığı müəyyən edilib. Aşkar olunmuş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, həmin məhsullar satışdan çıxarılıb.
AQTA əhalinin sağlamlığının qorunması, təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirləri davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.