Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Belarus Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin nümayəndə heyətləri arasında görüş keçirilib.
Foodinfo.az xəbər verir ki, Belaruslu həmkarlarla mövcud dostluq və işgüzar münasibətləri yüksək qiymətləndirən AQTA sədrinin müavini Rəşad Mafusov qida təhlükəsizliyi sahəsində səmərəli əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinin əhəmiyyətini vurğulayıb. Görüşdə qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı sahələrində birgə həyata keçirilən tədbir və layihələrin icra vəziyyəti müzakirə olunub, yeni əməkdaşlıq imkanları barədə ətraflı fikir mübadiləsi aparılıb. Bildirib ki, heyvanların identifikasiyası sisteminin qurulması, heyvan və bitki sağlamlığının təmin olunması sahəsində işin daha səmərəli təşkili, qida təhlükəsizliyi sahəsində informasiya sisteminin inteqrasiyası iki ölkə arasında idxal-ixrac əməliyyatlarının daha da genişlənməsinə təkan verəcəkdir.
Qonaqlara qida təhlükəsizliyinin təmin olunmasında xüsusi əhəmiyyətə malik olan laboratoriya sisteminin inkişafı, yaradılmış infrastruktur haqqında geniş məlumat verilib. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) fəaliyyət istiqaməti və nəzdindəki laboratoriyaların maddi-texniki bazası, kadr potensialı, beynəlxalq təşkilatlarla əməkdaşlığı haqqında danışılıb. Beynəlxalq səriştəlilik sınaqlarında əldə edilmiş nailiyyətlər nümayəndə heyətinin diqqətinə çatdırılıb. Görüş çərçivəsində qonaqlar iş prinsipini öyrənmək məqsədilə AQTİ laboratoriyalarına baxış keçiriblər.
Yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirən Belarus Respublikasının Kənd Təsərrüfatı və Ərzaq nazirinin müavini İvan Smilqin qida təhlükəsizliyinin inkişafı istiqamətində ölkəmizdə aparılan islahatları dəstəklədiyini vurğulayıb. AQTA ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini, qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı sahəsində ölkəsinin təcrübəsinin paylaşılmasında maraqlı olduqlarını qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib. AQTA ilə əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə əminlik ifadə olunub.