Aərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yanında İctimai Şuranın növbəti iclası keçirilib.

Foodinfo.az-a daxil olan məlumata görə, iclasda cari məsələlərin müzakirəsi ilə yanaşı, İctimai Şura tərəfindən 2023-cü ilin ötən dövrü ərzində görülən işlər və fəaliyyətin daha səmərəli təşkili ilə bağlı həyata keçiriləcək tədbirlərə dair fikir mübadiləsi aparılıb. Daha sonra “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın icrası və bu sahədə həyata keçirilən tədbirlər müzakirə olunub. Həmçinin “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrasının təmin edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamı ilə əlaqədar AQTA tərəfindən hazırlanan texniki normativ hüquqi akt layihələrinə dair fikir mübadiləsi aparılıb. Agentliyin Qida təhlükəsizliyi şöbəsinin Qida təhlükəsizliyinin tənzimlənməsi sektorunun müdiri İradə Hüseynli Şura üzvlərinə AQTA-nın hazırladığı “Buğda ununa dair sanitariya norma və qaydaları” və “Çörək məhsullarına dair sanitariya norma və qaydaları” adlı sənəd layihələri barədə ətraflı məlumat verib. İclasda İctimai Şuranın üzvləri Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən qida məhsullarının daşınması və çatdırılması xidməti ilə məşğul olan və qida təhlükəsizliyi qeydiyyatından keçmiş şirkətlərin əməkdaşları üçün keçirilən ödənişsiz təlimlər barədə də məlumatlandırılıb. 

Qeyd edək ki, İctimai Şura mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyətində şəffaflığı, ictimai nəzarətin həyata keçirilməsi, dövlət siyasətinin formalaşdırılması, icrası və qərarların qəbulu zamanı ictimai rəyin nəzərə alınmasını təmin etmək məqsədilə “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təsis edilən və ictimai əsaslarla fəaliyyət göstərən birlikdir.