Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ilə Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı çərçivəsində peşə təhsili müəssisələrində təhsil alan tələbələr üçün növbəti təlimlərə başlanıb. Təlimlərdə Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin, Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin, Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin və İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri iştirak edir.

Foodinfo.az xəbər verir ki, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı" çərçivəsində AQTİ-nin mütəxəssisləri tərəfindən “Qida sahəsində gigiyena tələbləri” mövzusunda keçirilən təlimlər aşpaz, qənnadıçı-şirniyyatçı və laborant-mikrobioloq ixtisasları üzrə təhsil alan tələbələr üçün təşkil olunur.

Təlimlər zamanı iştirakçılar “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunu və bu Qanundan irəli gələn tələblər, o cümlədən HACCP (Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri) haqqında ətraflı məlumatlandırlır. Tələbələrə müəssisələrdə qida məhsullarının qəbulu, emalı, saxlanması, daşınması zamanı gigiyena qaydalarının tətbiqi, qablaşdırma, eləcə də təhlükəli amillər, çirklənmə növləri və digər məsələlər barədə məlumat verilir. Təlimlərdə laborant-mikrobioloq ixtisası üzrə təhsil alan tələbələr həm də əməyin təhlükəsizliyi, biotəhlükəsizlik və laboratoriyalarda iş qaydaları barədə məlumatlandırılır. Həmçinin onlar laboratoriyalarda çalışan personalın cihaz və reaktivlərlə işləmə qaydaları ilə tanış olurlar.

İnteraktiv formada təşkil edilən təlimlərin sonunda müzakirələr aparılır və iştirakçıların mövzu ilə bağlı bilik səviyyəsi qiymətləndirilir.

Qeyd edək ki, 2022 və 2023-cü illərdə də AQTİ-nin mütəxəssisləri tərəfindən peşə təhsili müəssisələrinin tələbələri üçün “Qida sahəsində gigiyena tələbləri” mövzusunda təlimlər keçirilib.