Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Analitik Ekspertiza Mərkəzinin Mərkəzi Fitosanitar Laboratoriyasının molekulyar bioloqu Gülər Bayramova Bitki Karantini və Mühafizəsi üzrə Avropa və Aralıq Dənizi Təşkilatının (EPPO) “Jens-Georg Unger Plant Health Fellowship” təqaüd proqramına layihə ilə müraciət edib və təqaüdü qazanıb. 

Bu barədə Foodinfo.az-a AQTİ-dən məlumat verilib.

Təqaüd proqramı çərçivəsində G.Bayramova pomidor və bibər toxumlarında pomidorun bürünclük virusunun toxumdan şitillərə keçid riskini araşdıracaq. Tədqiqat 6 ay müddətində Almaniya Federativ Respublikasının Braunşveyq şəhərində yerləşən və dünyanın ən böyük bioloji resurs mərkəzlərindən biri olan Leibniz İnstitutunun nəzdindəki “Almaniya mikroorqanizm kolleksiyası və hüceyrə kulturası” mərkəzinin laboratoriyasında aparılacaq. 

G.Bayramova bu vaxtadək ölkəmizdə EPPO-nun “Jens-Georg Unger Plant Health Fellowship” təqaüd proqramını qazanan yeganə mütəxəssisdir. 

Bu proqram EPPO-ya daxil olan 52 ölkənin bitki sağlamlığı sahəsində çalışan mütəxəssisləri üçün nəzərdə tutulub. İl ərzində təqaüd proqramına müraciət edən mütəxəssislərdən yalnız layihəsi uyğun gələn 1 və ya 2 şəxs qalib seçilir.