Heyvan sağlamlığı sahəsində laboratoriya sisteminin inkişafı ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nəzdində fəaliyyət göstərən laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi və modernləşdirilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilir. Həmçinin laboratoriyalarda qabaqcıl texnologiyaların tətbiqi, səriştəliliyin artırılması üçün kadrların təlimlərdə və beynəlxalq laboratoriyalararası səriştəlilik sınaqlarında iştirakı təmin edilir.
Foodinfo.az xəbər verir ki, həyata keçirilən tədbirlər çərçivəsində AQTİ-nin Mərkəzi Baytarlıq Laboratoriyası (MBL) və Göygöl Regional Sınaq Laboratoriyası (GRSL) Rusiyanın Heyvan Sağlamlığı üzrə Federal Mərkəzi və Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının Dabaq Xəstəliyi üzrə Referens Laboratoriyası tərəfindən təşkil olunan beynəlxalq laboratoriyalararası səriştəlilik sınağına qatılıb. MBL və GRSL dabaq xəstəliyinin A, O, ASİA-1, SAT-1 və SAT-2 tiplərinin ELISA müayinə metodu ilə təyini üzrə keçirilən sınaqda uğurlu nəticə əldə edib.
Qeyd edək ki, MBL və GRSL bundan əvvəl də beynəlxalq təşkilatlar tərəfindən təşkil olunan səriştəlilik sınaqlarına qatılaraq yüksək nəticələr əldə edib. Bu laboratoriyalar müasir maddi-texniki bazaya malik olan və beynəlxalq tələblərə cavab verən ikinci səviyyəli biotəhlükəsizlik laboratoriyalarıdır. MBL və GRSL-də patomorfoloji, mikrobioloji, virusoloji, seroloji, molekulyar-genetik, kimyəvi-toksikoloji və parazitoloji müayinələr həyata keçirilir.