Qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafı ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nəzdində fəaliyyət göstərən laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi, eləcə də modernləşdirilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilir. Həmçinin laboratoriyalarda qabaqcıl texnologiyaların tətbiqi, səriştəliliyin artırılması üçün kadrların təlimlərdə və beynəlxalq laboratoriyalararası səriştəlilik sınaqlarında iştirakı təmin edilir.
Foodinfo.az-ın məlumatına görə, institutdan bildirilib ki, həyata keçirilən tədbirlər çərçivəsində AQTİ-nin Kompleks Tədqiqatlar Laboratoriyası İngiltərənin “LGC Standards” şirkəti tərəfindən təşkil olunan növbəti səriştəlilik sınaqlarına qatılıb. Laboratoriya bu sınaqlarda bioloji aktiv qida məhsullarında vitamin B1, vitamin B2, vitamin B6 və vitamin B12 parametrləri üzrə uğurlu nəticələr əldə edib. Sınaqlar yüksək performanslı maye xromatoqrafiya (HPLC) cihazında beynəlxalq metoda əsasən həyata keçirilib.
Kompleks Tədqiqatlar Laboratoriyası mütəmadi olaraq müxtəlif beynəlxalq qurumlar tərəfindən təşkil edilən səriştəlilik sınaqlarına qatılır və uğurlu nəticələr əldə edir. Laboratoriyada aqrokimyəvi maddələrdə, baytarlıq preparatlarında, yem və yem əlavələrində, qablaşdırma materiallarında, bioloji aktiv qida məhsullarında keyfiyyət və təhlükəsizlik parametrlərinə uyğun mikrobioloji, toksikoloji, fiziki kimyəvi sınaqlar aparılır.