Qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafı ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) laboratoriyalarının maddi-texniki bazasının gücləndirilməsi və modernləşdirilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilir. Həmçinin laboratoriyalarda qabaqcıl texnologiyaların tətbiqi, səriştəliliyin artırılması üçün kadrların təlimlərdə və beynəlxalq laboratoriyalararası səriştəlilik sınaqlarında iştirakı təmin edilir.

Foodinfo.az xəbər verir ki, həyata keçirilən tədbirlər çərçivəsində AQTİ-nin Abşeron Regional Sınaq Laboratoriyası (ARSL) İngiltərənin ”LGC standard” şirkətinin yulaf nümunəsində salmonella, “Fapas” şirkətinin isə alkoqolsuz içki nümunəsində benzoy turşusu, sorbin turşusu, pH, briks və içməli su nümunəsində xlorid, sulfat, ümumi codluq, qələvilik, kalsium və maqnezium parametrlərinin təyini üzrə keçirdiyi beynəlxalq səriştəlilik sınaqlarına qatılıb. Laboratoriya qeyd olunan üç səriştəlilik sınağı üzrə sadalanan on bir parametrdə uğurlu nəticə əldə edib.

Qeyd edək ki, ARSL bundan əvvəl də Böyük Britaniyanın ”LGC standard” və “Fapas”, eləcə də Fransanın “Bipea” şirkətləri tərəfindən təşkil olunan beynəlxalq laboratoriyalararası səriştəlilik sınaqlarında yüksək nəticələr əldə edib. Bu laboratoriyada qida məhsullarının keyfiyyət və təhlükəsizlik parametrlərinə uyğun mikrobioloji, fiziki-kimyəvi və cihaz müayinələri aparılır. ARSL AZS ISO/IEC 17025:2020 “Sınaq və kalibrlənmə laboratoriyalarının səlahiyyətliliyinə dair ümumi tələblər" standartına əsasən Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən akkreditasiyadan keçirilib.