Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən qida təhlükəsizliyi sahəsi ilə bağlı olan sahibkarlıq subyektlərinin fəaliyyətinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun təşkili məqsədi ilə mütəmadi olaraq təlimlər keçirilir. Foodinfo.az-ın məlumata görə, növbəti nəzəri-praktiki təlim AQTİ mütəxəssisləri tərəfindən “Veysəloğlu” Məhdud Məsuliyyətli Cəmiyyətin əməkdaşları üçün “Saxlanma və daşınma proseslərində qida təhlükəsizliyinin təmin olunması” mövzusunda təşkil edilib. Təlimdə iştirakçılar qida zəncirinin mərhələləri, qida məhsullarının saxlanması və daşınması prosesləri, bu zaman icra edilməli olan təhlükəsizlik qaydaları və qanunvericiliyin tələbləri, eləcə də beynəlxalq təcrübə haqqında ətraflı məlumatlandırılıb. Həmçinin onlara qida məhsullarının saxlanması və daşınması zamanı müşayətedici sənədlərin təmin olunması, xəbərdaredici nişanlar, işçilərin tibbi müayinədən keçirilməsi və bu proses çərçivəsində tətbiq edilməsi vacib olan digər məsələlər barədə məlumat verilib. Təlim zamanı iştirakçıların sualları cavablandırılıb və tədbirin sonunda onlara sertifikatlar təqdim edilib.