Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
AQTA-dan Foodinfo.az-a bildirilib ki, Ağcabədi rayonu, F.Əlizadə küçəsində yerləşən “Ay işığı” kafesində mənşəyi məlum olmayan ətlərdən yeməklərin hazırlanması, müəssisənin qanunsuz olaraq fəaliyyət göstərməsi və antisanitar vəziyyətlə bağlı daxil olmuş vətəndaş müraciəti əsasında Agentlik əməkdaşları tərəfindən fiziki şəxs Quliyev Sabir Qəşəm oğluna məxsus ictimai iaşə müəssisəsində plandankənar yoxlama keçirilib. Baxış zamanı müəssisədə gigiyena tələblərinə dair qaydalara əməl edilmədiyi, sanitar-texniki və sanitariya-gigiyenik vəziyyətin qüvvədə olan normativlərə cavab vermədiyi məlum olub. Həmçinin aşkar saxtalaşdırma əlamətləri olan müxtəlif əmtəə nişanlı alkoqollu içkilər aşkarlanıb. Belə ki, ictimai iaşə müəssisəsində mal qonşuluğu prinsipinin pozulduğu, bəzi qida məhsullarının birbaşa döşəmə üzərində saxlanıldığı, işçi heyətin məcburi tibbi müayinədən keçmədiyi və digər nöqsanlar müşahidə olunub. Yoxlama zamanı müəssisəyə qəbul edilən xırdabuynuzlu heyvan ətlərinin müşaiətedici sənədlərinə və vaxtaşırı olaraq müvafiq təmizlik işlərinin aparılmasına dair sənədlər təqdim olunmayıb. Aşkar olunmuş pozuntularla bağlı qanunvericiliyə uyğun sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib. Araşdırmalar davam etdirilir.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı alınacaq.